11 aprel 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Biləv kənd İnzibati Ərazi Dairəsinin tərkibinə daxil olan Behrud kəndində səyyari qəbul keçirilib. Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, qaldırılan problemlərin operativ şəkildə həllinə nail olunması məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib, yeni dünya nizamının formalaşdığı bir dövrdə ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini qeyd edib. Bu xüsusda, ölkə başçısının 9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda səsləndirdiyi strateji fikirlərin və çağırışların ölkənin inkişaf strategiyasına, o cümlədən regional siyasətə birbaşa təsir göstərdiyi xüsusi vurğulanıb. Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində Azərbaycanın regionda əsas söz sahibi olan dövlətə çevrildiyi, hazırda isə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi bildirilib.
İcra başçısı çıxışı zamanı Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” bəyanatını bir daha xatırladaraq bu layihənin gerçəkləşməsinin həm Muxtar Respublikanın, həm də dəhlizin ilkin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına ciddi təkan verəcəyini bildirib. Bununla yanaşı, Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirən alternativ marşrutların, o cümlədən İran ərazisindən keçən nəqliyyat yollarının inkişaf etdirilməsinin gündəmdə olduğu və bu istiqamətdə də müvafiq addımların atıldığı diqqətə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərə toxunaraq, 2025-ci ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirildiyini bildirib. Bu istiqamətdə, Ordubad rayonunda mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun yenidən qurulması və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçiriləcəyi, eləcə də rayonun gələcəkdə mühüm turizm mərkəzinə çevrilməsi üçün məqsədyönlü addımların atılacağı qeyd edilib. Bununla yanaşı, Ordubadın zəngin tarixi-mədəni irsinin qorunması və qədim sənətkarlıq ənənələrinin dirçəldilməsi məqsədilə “Sərşəhər” məscidi, “Mədrəsə” binası və “Ərbabın evi” kimi tarixi tikililərin əsaslı şəkildə bərpa olunacağı və bu işlərin şəhərin yeni hazırlanmış baş planına uyğun şəkildə həyata keçiriləcəyi vurğulanıb.
Görüşün yekununda Behrud kənd sakinlərinin ümumi problemləri dinlənilib, məşğulluq, torpaq, yol, su təminatı, sosial müdafiə və ekoloji məsələlər üzrə qaldırılan müraciətlər yerində araşdırılıb və operativ həll mexanizmləri müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.