Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 17 yanvar 2025-ci il tarixdə Çənnəb kəndində səyyar qəbul keçirilib. Vətəndaşların problemlərinin yerində öyrənilməsi, təklif və müraciətləri üçün əlçatanlığın təmin edilməsi məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq qəbul iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib. Sükutun ardınca çıxış edən İcra başçısı, 20 Yanvar hadisələrinin şərəfli tariximizin bir parçası olduğunu bildirərək bu tarixin Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının təcəssümü olduğunu vurğulayıb. Həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin regionda yaratdığı yeni reallıqlardan bəhs edərək bu zəfərin ölkənin iqtisadi gücünün artması, qlobal təhlükəsizliyin təmin edilməsi və işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində geniş imkanlar açdığını nəzərə çatdırıb. Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində respublikanın bütün bölgələrində genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyindən də bəhs olunub.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsində xüsusi vurğuladığı “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsini bir daha xatırladaraq, bu layihənin reallaşmasının Muxtar Respublika, eləcə də dəhlizin ilkin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini bildirib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verən İcra başçısı, ötən il dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının həyata keçirilməsi üçün müvafiq addımların atıldığını, 2025-ci ildən etibarən isə görüləcək işlərin daha da sürətlənəcəyini bildirib. Çıxış zamanı rayonun yeraltı və yerüstü sərvətlərinin istifadəsi, mədən sənayesi, turizm, meyvəçilik, intensiv meyvə bağlarının salınması, ipəkçilik və digər sahələrin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, yaxın perspektivdə müvafiq sahələr üzrə yeni istehsal müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların elektrik, qaz, məşğulluq, yeni artezian quyusunun qazılması, körpü tikintisi, yol-nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üçün fosforlu nişanların qoyulması və sair problemlər ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.