Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 2025-ci il 16 may tarixində Düylün kəndində səyyar qəbul keçirib. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatların rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qəbul iştirakçılarını salamlayaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. O, son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində sosial rifahın yaxşılaşdırılması və regionların inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışda, həmçinin, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində ölkəmizin hərbi və siyasi mövqeyinin güclənməsi, konstitusion və suveren hüquqlarımızın bərpa olunması, bunun nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldiyi qeyd olunub. Bildirilib ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ ərazilərində müasir infrastruktur quruculuğu işləri aparılır və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin olunur.
İcra başçısı, həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələrə toxunaraq, 2025-ci ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirildiyini bildirib. Bu istiqamətdə Ordubad rayonunda mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun yenidən qurulması və digər sahələrdə genişmiqyaslı layihələrin reallaşdırılacağı, eləcə də rayonun gələcəkdə mühüm turizm mərkəzinə çevrilməsi üçün məqsədyönlü addımların atılacağı vurğulanıb. Eyni zamanda xalçaçılıq, ipəkçilik və konserv məhsulları istehsalı üzrə müəssisələrin yaradılmasının da yaxın gələcəkdə həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Daha sonra kənd sakinləri ilə kəndin ümumi problemləri ətrafında fikir mübadiləsi aparılıb. Məşğulluq, su təsərrüfatı, körpü dayaqlarının möhkəmləndirilməsi, zərərverici heyvanlara qarşı mübarizə və digər məsələlərlə bağlı səsləndirilən müraciətlər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb və həlli üçün konkret tapşırıqlar verilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə yönləndirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli səfər çərçivəsində Düylün kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək ehtiramını bildirib. Həmçinin ərazidə olan kənd ağsaqqalları və şəhid ailəsinin üzvü ilə görüşərək onların problem və təkliflərini dinləyib.
Sakinlər vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması, eləcə də yaradılmış əlverişli şəraitə görə razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.