Səyyar qəbulun növbəti ünvanı Gilançay kəndi olub

 22 noyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Gilançay kəndində vətəndaş müraciətləri dinlənilib. Vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyətinin məsul  əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

 Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq dövlət başçısı cənab İlham Əliyev rəhbərliyində ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və yüksələn dinamik inkişaf haqqında ətraflı məlumat verib. İcra başçısı, ölkəmizin COP29 sammitinə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu tədbir Azərbaycanın qlobal ekoloji problemlərin həllində fəal rol oynadığını göstərir və belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin qlobal səylərə töhfəsini nümayiş etdirir. Çıxış zamanı COP29 sammitinin Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasına və ekoloji təşəbbüslərinin genişlənməsinə imkan yaradacağı, eləcə də ekoturizmin təşviqinə müsbət təsir göstərəcəyi nəzərə çatdırılıb.

 Rayon İcra Hakimiyyətinin başçısı Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun müasir və innovativ idarəçilik mexanizminin qurulub həyata keçirilməsində xüsusi rol oynadığını qeyd edib. Ardınca “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumatlar sakinlərin diqqətinə çatdırılıb. Dövlət proqramlarına uyğun olaraq yaxın perspektivdə Ordubad rayonunda mədən sənayesi, ipəkçilik, eləcə də konserv istehsalı sahələrinin yenidən bərpa ediləcəyi vurğulanıb.

 Görüş zamanı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə yeni hotel tikintisi istiqamətində işlərə start verildiyi qeyd olunub. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin bərpa olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

 Yekunda Gilançay kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, elektrik və sair istiqamətlər üzrə  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

       Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.