Şanlı Zəfər tarixinin Kəlbəcər səhifəsi

     Kəlbəcər rayonu Azərbaycan Respublikasının qərb hissəsində, Kiçik Qafqaz dağlarının şimal-şərq ətəklərində yerləşir. Rayon 8 avqust 1930-cu ildə yaradılmış və zəngin tarixi, təbii resursları, füsunkar təbiəti ilə seçilir. Ərazisi 3,054 kvadrat kilometr təşkil edən Kəlbəcər ölkənin ərazisinə görə ən böyük rayonlarından biridir. Rayonda əsasən dağlıq relyef üstünlük təşkil edir və ən yüksək nöqtələrdən biri olan Murovdağ bu ərazidə yerləşir. Kəlbəcər qədim dövrlərdən bəri insanların məskunlaşdığı bölgələrdən biri olmuşdur. Rayonda yerləşən Azıx mağarasına yaxın ərazilər paleolit dövrünə aid yaşayış məskənləri ilə zəngindir. Rayonun adı qədim türk dillərindən götürülüb və bu bölgənin strateji əhəmiyyətini vurğulayır. Kəlbəcər təbii zənginliklər baxımından Azərbaycanın ən mühüm rayonlarından biridir. Ərazi mineral sular, dağ çayları və meşələrlə əhatə olunub. İstisu kurortu burada yerləşir və müalicəvi suları ilə tanınır.

     Rayonun flora və faunası da çox müxtəlifdir. Eyni zamanda zəngin təbii sərvətləri ilə iqtisadi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Burada qızıl, gümüş, mis və digər faydalı qazıntı yataqları yerləşir. Söyüdlü qızıl yatağı təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda əhəmiyyətli hesab olunur. Ərazi həm də tarixi-mədəni abidələrlə zəngindir. Rayon ərazisindəki qədim məbədlər, qalalar və türbələr Azərbaycanın qədim tarixi və memarlıq ənənələrinin parlaq nümunəsidir. Xudavəng monastırı, Qamışlı kəndindəki alban kilsəsi və Tərtər çayı boyunca yerləşən körpülər xüsusi əhəmiyyətə malikdir. Bundan əlavə, Kəlbəcərdəki qayaüstü təsvirlər və yazılar Azərbaycanın qədim mədəniyyətindən xəbər verir.

     Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, nəticədə əhalisi öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdır. İşğal nəticəsində Kəlbəcərin zəngin mədəni-tarixi irsi, dini abidələri, təbii sərvətləri məhv edilmiş və ya ciddi şəkildə zərər görmüşdür. İşğal ərzində tarixi abidələr ya dağıdıldı, ya da mənimsənilərək erməni irsinə aid kimi təqdim edildi. Xudavəng monastırı alban-xristian məbədi olmasına baxmayaraq, Ermənistan bunu erməni kilsəsi kimi təbliğ etməyə çalışmışdır. Ərazidə olan İslam dini abidələri, məscidlər, ziyarətgahlar və qəbiristanlıqlar işğal dövründə vandalizmə məruz qaldı. Məscidlər dağıdılmış, müqəddəs yerlər təhqir olunmuş və bu məkanlar təhqiredici məqsədlərlə istifadə edilmişdir.

     Bölgə təkcə mədəni irsi ilə deyil, həm də təbii sərvətləri ilə zəngin bir bölgədir. İşğal illərində Ermənistan hökuməti Kəlbəcərin qızıl yataqlarını qeyri-qanuni şəkildə istismar etmiş, bölgənin meşələrini qıraraq ekosistemi məhv etmişdir. Həmçinin işğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülüb və itkin düşmüşdür. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdu.  

     Kəlbəcərin işğaldan azad olunması əsas dönüş nöqtələrindən biri kimi yadda qaldı. Zəngəzur dağlarının qoynunda yerləşən bu qədim yurd yeri illərlə həsrətin, nisgilin və hədər gözləyişlərin simvoluna çevrilmişdi. 2020-ci il Vətən müharibəsi ilə başlayan zəfər yürüşü Kəlbəcərin də azadlıq səhifəsini yazdı. Düşmənin təxribatlarına son qoymaq məqsədilə həyata keçirilən əməliyyatlar nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə tarixi ədalət bərpa edildi. 10 noyabr bəyanatı ilə Kəlbəcərdə yerləşən işğalçı ordunun hissələri boşaldıldı, bununla da 27 illik işğalın qara kölgəsi silindi. Bütün  baş verən proseslər Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji uzaqgörənliyinin və beynəlxalq səviyyədə əldə etdiyi siyasi üstünlüyün parlaq nəticəsi idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuş, Şanlı zəfərin təcəssümü  olaraq 25 noyabr Kəlbəcər şəhəri günü elan edilmişdir.

    Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri azad edilmiş torpaqların bərpası və inkişafı prosesində mühüm mərhələni təmsil edir. Bu səfərlər dövlət başçısının əhalinin qayğılarına olan həssas münasibətinin göstəricisidir. Dövlət başçısının səfərləri zamanı Kəlbəcərdə yeni yol infrastrukturunun, elektrik stansiyalarının və sosial obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilir ki,  bu addımlar da təkcə bölgənin deyil, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına töhfə verir.

     Hazırda Kəlbəcərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bölgəyə müasir infrastrukturun qurulması, turizmin inkişafı, təbii sərvətlərin istifadəsi və məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün tədbirlər həyata keçirilir. Xüsusilə, İstisu kurortunun bərpası və bölgənin ekoturizm mərkəzinə çevrilməsi nəzərdə tutulur. Kəlbəcər Azərbaycanın təbii, mədəni və iqtisadi potensialını özündə birləşdirən unikal bir regiondur. Bu bölgənin gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda daha böyük əhəmiyyət qazanacağı şübhəsizdir