
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bildirib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.
Ölkə Prezidenti vurğulayıb ki, neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur. Müharibələr olub, İkinci Dünya müharibəsi, ondan sonrakı müharibələr. Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur. Bir sözlə, bu istiqamətdə mən hələ sosial infrastruktur layihələrini qeyd etmirəm. Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.
İlk növbədə işğal olunmuş ərazilərdə bölgələr arasında bağlantı yaratdıq və daha sonra həmin bölgələrin ölkəmizin digər əraziləri Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantının yaranması üzərində işlədik. Çünki, ilk növbədə, biz gərək bu bölgələr arasında bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu. Ona görə biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik.
İndi ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin. Misalçün, Xankəndi-Şuşa məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə.
Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.
Bu mobillik cəmiyyətə yeni bir mədəniyyət gətirəcək. Yəni xüsusilə bugünkü internet dövründə harada iş var gedirəm, orada işləyirəm, orada yaşayıram, orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, heç olmasa, Bakıya yaxın olan şərait olmalıdır. Yəni məqsəd budur. Bu, deyə bilərəm ki, bir yan məqsəddir. Təbii ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.
İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır.
