Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna əhəmiyyət daşıyan “Əsrin Müqaviləsi”nin imzalanmasından 30 il keçir.
Müstəqillik əldə etdikdən sonra ölkədə yaranan dərin siyasi və iqtisadi böhran, torpaq itkisi və xarici təzyiqlər Azərbaycanın bir dövlət kimi varlığını təhlükə altına salmışdı. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra atılan qətiyyətli addımlar, Azərbaycanın yenidən dirçəldilməsi üçün verilən taleyüklü qərarlar ölkəmizi təhlükəli sınaqlardan üzüağ çıxardı.
Bu dövrdə ölkə iqtisadiyyatının yenidən bərpası və gücləndirilməsi üçün əsas strateji resurslarımızdan biri sayılan neftin geniş həcmli hasilat və ixracına ehtiyac var idi. Bu məqsədlə aparılan gərgin danışıqlar nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətinin (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirakı ilə imzalanan müqavilə məhz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılır. Müqavilə 4 dildə öz əksini taparaq təqribən 400 səhifəni əhatə etmişdir. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısında yer alır.
"Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yarandı. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. Ardınca 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Qeyd edək ki, ixrac prosesindən etibarən neftin satışından əldə edilən valyuta Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olaraq ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Sonrakı illərdə Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri işə salındı və 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Ümummilli Lider Heydər Əliyevin, eləcə də Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməli qoyuldu. Bu nəhəng enerji layihəsinin açılış mərasimi isə 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində baş tutmuşdur.
BTC-dən heç də geri qalmayan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması ilə Azərbaycan həm neft, həm də qaz ixracatçısına çevrilmişdir. Qeyd olunanlar ölkəmizin dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirən amillər sırasındadır.
2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuş, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə əsaslı fəaliyyət icra olunmuşdur. 2017-ci ilin noyabrında Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim də keçirilib.
Əminliklə demək olar ki çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsində mühüm amil olmuşdur. Keçən müddət ərzində qara qızıl və mavi yanacağın ixracından əldə olunan gəlirlər ölkəmizin inkişafına, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilib. 44 gün ərzində əldə olunan tarixi qələbə, eləcə də Antiterror əməliyyatından sonra tam şəkildə suverenlik və ərazi bütövlüyümüzün bərpasında bu müqavilənin xüsusi əhəmiyyəti vardır. Haliyədə də Azərbaycan əsas resurslarından əldə olunan gəlirlərin bir hissəsini işğaldan azad olunan ərazilərə yatıraraq Qarabağ və Şərqi Zəngəzur regionunun bərpasına yönəltmiş, məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə doğma yurd-yuvalarına qayıtmasına hərtərəfli şərait yaradılmışdır.