Bu il müstəqil Azərbaycanın qurucusu və memarı, bütün ömrünü vətənə və xalqa xidmətə həsr etmiş fenomenal şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü tamam olur. Geniş strateji vizyona və proqressiv düşüncə tərzinə malik olan Heydər Əliyevin adı dünyanın ən məşhur siyasi xadimləri arasındadır. Bugünkü zəfərə və intibaha gedən yolun təməlini qoyan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması, saxlanması və gücləndirilməsində fundamental rola malikdir. Əlahəzrət fakt sübut edir ki, dünya siyasətinin patriarxlarından sayılan Heydər Əliyev təkcə Azərbaycanın yox, ümumən regional və bəşəri problemlərin həllində müstəsna söz sahibi olmuş, qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak etmişdir. Beynəlxalq və kontinental qütbləşmələr fonunda Heydər Əliyev personasının meydana çıxması mübahisəli problemlərin həllində və siyasi dəyərlər sisteminin yaradılmasında əvəzedilməz faktor olub.
Böyük reformator Heydər Əliyev hələ keçən əsrin ortlalarında nəhəng imperiyanın təhlükəsizlik orqanlarında fəaliyyət göstərərkən bütün problem və çatışmazlıqların səbəblərini görür və dərk edirdi. Məhz keçdiyi şərəfli qulluq yolu empirik təcrübəyə əsaslanaraq Ulu Öndərin gələcək siyasi fəaliyyətində mayak rolunu oynamışdır. Azərbaycanı ekzistensial təhlükələrdən sığortalamağı bacarmaq məharəti həm də dahi şəxsiyyətin strateji sistemlərdə olan fəaliyyətinin şəxsi xarakterinə yansımasının bir nümunəsi idi.
Kritik əhəmiyyətli düzgün və strateji qərarların verilməsində göstərdiyi məharət Heydər Əliyevi SSRİ Ali rəhbərliyinin nəzərindən qaçıra bilməzdi. Bütün qeyd olunan nüanslar 1969-cu ilin 14 iyul tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinə rəvac verdi. Müttəfiq dövlətlər içərisində zəif və inkişafdan qalan aqrar respublika imicinə sahib olan Azərbaycan məhz bu tarixdən başlayaraq tərəqqinin ilk cücərtilərini görməyə başladı. Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu SSRİ rəhbərliyini Azərbaycana olan diqqətini artırmağa, ölkəni zəif aqrar statuslu bölgədən güclü sənaye respublikasına çevirməyə sövq etdi. Bütün sahələrdə atılan qətiyyətli addımlar Azərbaycanı ildırımsürətli inkişafa istiqamətləndirdi. Elmi-texniki sahədə yüksək nailiyyətlər əldə olunmağa başlanıldı. Qeyd edək ki, dahi şəxsiyyətin hakimiyyətdə olduğu 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdur. Göstərilən tarixlərdə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır.
Ümummilli Lider Heydər Əliyev inkişafın və tərəqqinin əsas təməlinin təhsil sahəsində olduğunu dərk edərək bu sahəyə daha da çox diqqət ayırmışdı. Yeni elm müəssisələrinin yaradılması və xarici ölkələrə tələbələrin göndərilməsi nəticəsində Azərbaycan elmi özünün ən yüksək nəticələrini əldə etməyə başladı. Həmin dövrdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Bütün bunların nəticəsi olaraq təhsil sahəsində intellektual bazaya malik ixtisaslı kadrların çoxalması ölkə maarifinin intibahına gətirib çıxaran əsas amillərdən biri oldu. Qeyd olunan dövrdə Mədəniyyət sahəsində də konkret addımlar atılaraq 52 memarlıq abidəsində bərpa işləri aparılıb, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb.
Hərbi sahədə görülən işlər və atılan addımlar daha da təqdirəlayiq hesab oluna bilər. Öz dövrünün bütün təhlükə və risklərinə baxmayaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və bu liseydə ixtisaslı yerli zabitlərin hazırlanması zamanına görə ən cəsarətli addımlardan biri hesab oluna bilər. Məhz Naxçıvanski liseyinin ixtisaslı hərbçiləri müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında ilk sipər rolunu oynamış, dövlətçiliyi yox olma təhlükəsindən xilas etmişdilər. Qeyd olunan amillər Heydər Əliyev dühasının verdiyi müdrik qərarların əhəmiyyətini bir daha göstərməkdədir.
Ulu Öndər Heydər Əliyev dövlətin bütün aparat və strukturlarında gənc və bacarıqlı kadrların yerləşdirilməsinə, onların intellektual potensialından istifadəyə önəm verirdi. Yüksək ixtisaslı kadrların formalaşdırılması istiqamətində atılan addımlar təkcə SSRİ dövrünü deyil, müstəqil Azərbaycanın ilk illərində bu potensialdan istifadəni zəruri etmişdi ki, bu siyasət də Ümummilli lider Heydər Əliyevin zamanı qabaqlamaq məharətindən irəli gəlirdi.
1991-ci ildə SSRİ-nin dağılması fonunda istiqlaliyyətini təkrar qazanan ölkəmiz mövcudluğunun ilk illərində ciddi sınaqlarla üz-üzə qaldı. Bir tərəfdən erməni separatizminin baş qaldırması, digər tərəfdən daxildə yaranan hərc-mərclik və anarxiya dövlətimizi parçalanmaq və yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir məqamda ölkəninin qurtuluşu Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından keçirdi. Xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə yenidən ölkənin siyasi idarəçiliyinə qayıdan Heydər Əliyev Azərbaycanı düşdüyü bataqlıqdan xilas etməyi bacardı. Daxildə baş verən dərin siyasi siyasi böhrana son qoyuldu. Ermənistanla müvəqqəti atəşkəs imzalanaraq ordunun yenidən qurulmasına start verildi. Digər separatizm ocaqları və qiyam cəhdləri tam şəkildə dəf edilərək güclü siyasi sabitlik və rifah şəraiti yaradıldı. Ölkəmiz bütün sferalarda yenidən inkişaf yoluna qədəm qoydu. Nəhəng korporasiyalar ilə iş birliyinə başlanıldı. Beynəlxalq arenada əldə edilən uğurlar və qlobal əhəmiyyətə malik sazişlərin imzalanması Azərbaycanın surətli inkişafına təkan verdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq strategiyası bu gün ölkənin əsas ideologiyası hesab olunur. Məhz bu ideologiya bugünkü Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bu siyasət Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına, dövlət idarəçiliyində genişmiqyaslı islahatlara, diplomatik arenada ölkəmizin daha da tanınması və yüksək yerlərdə qərarlaşmasına səbəb olmuşdur. Ölkəmiz bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, eləcə də yüksək tribunalarda və həlledici qərarların verilməsində əsas söz sahiblərindən biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi sabitlik xətti uğurla davam etdirilir, ölkə iqtisadiyyatı dinamik inkişaf yolunda dayanmadan irəliləməkdədir. Prezident İlham Əliyev və birinci vitse-Prezident Mehriban Əliyeva tərəfindən Heydər Əliyev irsinin gələcək nəsillərə tanıdılması və ötürülməsi siyasəti layiqincə davam etdirilir. Şübhəsizdir ki, bu irsin davam etdirilməsi Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz edəcək əsas amillərdən biridir.