Ordubad Texniki Peşə və Sürücülük Məktəbində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri və müdavimləri iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Nicat Rzayev, Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi Səkinə Tağıyeva, Texniki Peşə və Sürücülük Məktəbinin müəllimlərindən Afət Qasımova, Günay Heydərova, Aytən Həbibli çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ötən 20 il özündə möhtəşəm uğurları ehtiva edir. 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Ötən 20 ilin hər bir uğuru ölkə Prezidentinin hər bir vədinin konkret əməli işdə təsdiqinin təqdimatıdır. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ona olan ümidləri, etimadı doğrultdu.
Uğurlarımızın zirvəsində dayanan tarixi zəfərimizdən geniş bəhs edilərək bildirilib ki, cənab İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırdı. Bütün istiqamətdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalandırılması. 2003-2020-ci illərdə Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Dünya rəşadətli Azərbaycan ordusunun hansı imkanlara malik olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında gördü. Nəhayət 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə başa çatdı.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində bütün sahələr dinamik inkişaf edib, ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, respublikamızın beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib, insanların rifah halı daha da yaxşılaşıb, ümumilikdə cənab Prezidentimiz tərəfindən xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.
Bildirilib ki, 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən də 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi qeyd olunur. 2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun bir neçə kəndi ilə yanaşı Zəngilan şəhərinin də işğaldan azad olunduğunu elan etdi. Əldə olunan böyük qələbədən sonra Zəngilan rayonunun yeni inkişaf dövrü başladı, Ağalı kəndində bərpa-quruculuq işləri sürətlə aparıldı. Bu rayondan keçən dəmir yolu da böyük strateji əhəmiyyətə malikdir. Zəngilanı Naxçıvandan ayıran Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi zəfəri olacaq. Bütün işğaldan azad olunan ərazilərimiz kimi Zəngilan şəhərində, eyni zamanda da rayonun kəndlərində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür, geniş quruculuq, bərpa işləri aparılır.
Çıxışlardan sonra Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin müdavimləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.