Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulunu Tivi kəndinin sakinləri ilə keçirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında yerli əhalinin gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək kənd sakinlərini salamlayıb, son illərdə ölkəmizdə əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı bəhs edərək ölkə rəhbərliyi tərəfindən yaxın perspektivdə nəzərdə tutulan geniş infrasturuktur layihələri ilə bağlı sakinlərə ümumi məlumat verib. İcra başçısı Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin müasir və innovativ idarəçilik mexanizminin qurulub həyata keçirilməsində xüsusi rol oynadığını bildirərək bu institutun vətəndaş-məmur münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaratdığını qeyd edib. Daha sonra sakinlərə Muxtar respublikanın hərtərəfli inkişafına istiqamətlənən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında əhatəli informasiya verilərək rayon ərazisində keçmişdə faəliyyət göstərən ənənəvi istehsal sahələrinin bərpası və dirçəldilməsi üçün atılacaq addımlar haqqında kənd əhalisi məlumatlandırılıb. Dövlət proqramlarının bəndlərinə uyğun olaraq yaxın zamanlarda ipəkçilik və baramaçılıq, eləcə də Konserv istehsalı sənayesinin yenidən və tam müasir standartlara uyğun şəkildə qurulmasının nəzərdə tutulduğu bildirilib. Zəngəzur dəhlizinin reallaşması fonunda Ordubad rayonunun böyük Türk dünyasına açılan bir qapı olacağı və bununla rayonun sosial-iqtisadi həyatının daha da canlanacağı dinləyicilərin nəzərinə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli eyni zamanda cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının rayonumuz üçün xüsusi önəm kəsb etdiyini, Ordubada olan yüksək qayğının ifadəsi olduğunu vurğulayıb. Sərəncama uyğun olaraq turizmin inkişafı istiqamətində yaxın zamanda yeni hotel tikintisinin həyata keçirilməsinə başlanacağı qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, vətəndaşların dini təyinatlı obyektlərin tikintisi və bərpası, internet, məşğulluq, elektrik, su təsərrüfatı və yol problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.