ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri baş tutub

İyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə onun arasında təkbətək görüş keçirilib. Həmin gün Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze” istirahət mərkəzində də olublar.

Səfərin növbəti günü, iyulun 17-də Türkmənistan Xalq Məsləhətinin sədri işğaldan azad olunmuş ərazilərə səfər edib. Füzuli Beynəlxalq Hava Limanında qonağa Füzuli, Zəngilan və Laçın hava limanları barədə məlumat verilib, bu ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı bilgi təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərində Ermənistanın 30 illik işğalı dövründə törətdiyi dağıntılar və vandalizm aktları ilə yerində tanış olublar. Onlara şəhərin Baş planı əsasında həyata keçirilən və nəzərdə tutulan layihələr haqqında məlumat verilib.

Daha sonra səfər iştirakçıları Şuşa şəhərinə yollanıblar. Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov burada inşa edilmiş birinci yaşayış kompleksinə baxış keçirib, kompleksin texniki göstəriciləri və əhəmiyyəti barədə məlumat alıblar. Onlar həmçinin Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Yaradıcılıq Mərkəzində təşkil edilən “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Səfər çərçivəsində Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal zamanı ermənilər tərəfindən atəşə tutulmuş heykəllərinə də baxış keçirilib.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşa şəhərində Bülbülün ev-muzeyini və Mehmandarovlar malikanə kompleksini ziyarət edib, Yuxarı Gövhər Ağa məscidində olmuşlar.