2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat, İkinci Qarabağ Müharibəsinə son qoyaraq regionda yeni bir geosiyasi nizamın formalaşmasına səbəb oldu. Bəyanatın əsas məğzi Ermənistanın acınacaqlı hərbi məğlubiyyəti və Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpası ilə əlaqədar idi. Bildiyimiz kimi, 2020-ci ildə Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ Müharibəsi tarixin şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu cəsarət və əzmkarlıq göstərərək işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan xalqının milli birliyi bu qələbədə mühüm rol oynadı. Müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli şəhər və kəndləri, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa kimi mühüm əraziləri azad edərək Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Xüsusilə Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqı üçün tarixi önəm daşıyan anlardan biri oldu. Bu qələbə Ermənistanı çıxılmaz vəziyyətdə qoydu və müharibənin taleyini həll edən əsas amil oldu.
10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunur. Bəyanata əsasən, Ermənistan ordusu işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxmalı oldu, bu da Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində mühüm addım idi. Bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və münaqişənin hərbi mərhələsinin sona çatmasını rəsmi şəkildə təsdiqlədi. Kapitulyasiya aktı, Azərbaycanın tarixi zəfərinin simvolu olmaqla yanaşı, regionda yeni dövrün başlanğıcını da təsdiqlədi. Bu qələbə Azərbaycan xalqının milli iradəsi, əsgər və zabitlərin vətənə olan sədaqəti və xalqın vətənpərvərlik ruhunun təntənəsi idi. Bu tarixi zəfər Azərbaycanın yalnız hərbi gücünün deyil, eyni zamanda beynəlxalq arenada diplomatik iradəsinin təzahürü kimi qəbul edilir.
Üçtərəfli Bəyanat, Cənubi Qafqazda yeni geosiyasi reallıqların əsasını qoydu. Azərbaycan, azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Minalardan təmizləmə, infrastrukturun bərpası, yeni yollar və hava limanlarının inşası bu prosesin bir hissəsi idi. Xüsusilə, bölgədə bir neçə hava limanının tikilməsi regionda iqtisadi və turizm potensialını artırmaq məqsədi güdürdü Bəyanat, Cənubi Qafqazda uzun müddətli sabitlik və sülhə nail olmaq üçün vacib addım olaraq qiymətləndirilir. Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və Ermənistanın hərbi mövcudluğu aradan qaldırıldı.
10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat İkinci Qarabağ Müharibəsindən sonra regionda sülh və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcını qoydu. Bu bəyanat yalnız Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də regional əməkdaşlıq imkanlarının genişlənməsi üçün bir platforma yaratması ilə əhəmiyyətlidir. Məhz bu kontekstdə Ali Baş Komandan İlham Əliyev tərəfindən "3+3" formatı, yəni Cənubi Qafqazın üç dövləti (Azərbaycan, Ermənistan, Gürcüstan) və regionun üç böyük ölkəsi (Türkiyə, Rusiya, İran) arasındakı əməkdaşlıq formatı təklif edildi. "3+3" formatı bölgədə uzunmüddətli sabitlik və qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq məqsədini daşıyır. Bu təşəbbüs, Qafqaz regionunda müxtəlif tərəflər arasında iqtisadi, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bu formatda xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi prioritetdir; belə ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə arasında quru əlaqələrinin bərpası, digər region ölkələrinə də mühüm ticari faydalar gətirə bilər. Üçtərəfli bəyanatın siyasi və təhlükəsizlik elementləri "3+3" formatının əsasını təşkil edir. Bu format həm də beynəlxalq güclərin regiona müdaxiləsini azaltmaq və yerli ölkələrin öz maraqlarına uyğun şəkildə sabitliyi təmin etməsinə imkan yaratmaq məqsədi güdür. Beləliklə, üçtərəfli bəyanatla başlayan diplomatik proses "3+3" formatı vasitəsilə bölgədə inteqrasiya və əməkdaşlıq perspektivlərini artırır və Cənubi Qafqazda yeni tarazlıq mühiti yaradır.