“Uğura aparan 20 il: Prezident İlham Əliyevin innovativ dəyişiklikləri hədəfləyən siyasi strategiyası” mövzusunda konfrans keçirilib

Oktyabr ayının 14-də Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında “Uğura aparan 20 il: Prezident İlham Əliyevin innovativ dəyişiklikləri hədəfləyən siyasi strategiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli cənab İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsi ilə Prezident seçilməsinin 20-ci ilinin tamam olduğunu, bu illər ərzində dövlətimizin başçısının tarixi nailiyyətlərə imza atdığın vurğulayıb.  İcra başçısı bildirib ki, 2003-2023-cü illəri Azərbaycan üçün yüksəliş, zəfər və uğur dövrü kimi səciyyələndirmək olar. Bu tarixi uğurlar sırasında ölkədə aparılan köklü islahatları, əhəmiyyətli transmilli layihələri, ölkədə sabitliyin qorunub saxlanılmasını, iqtisadi inkişafı, ordu quruculuğunda misli görünməyən irəliləyişləri xüsusilə vurğulamaq lazımdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən böyük nailiyyəti 30 ildən artıq bir dövrdə mənfur qonşularımız tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad edilməsidir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dönəmində həm ona miras qalan uğurlu daxili və xarici siyasətin davam etdirilməsi, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi, həm də ölkənin müdafiə potensialının gücləndirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində, daha sonra isə bu il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatlarında suverenliyimiz tam təmin olundu. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında Müzəffər Sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən dövlətimizin başçısı bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bu baxımdan qeyd etmək lazımdır ki, bu il Prezidentin, cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası Naxçıvanın inkişafında yeni və ən mühüm mərhələnin əsasını qoyacaqdır.

“İki Sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Prezidenti cənab İlham Əliyev özünün xüsusi idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları, qətiyyəti ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ulu Öndərin müəllifi olduğu milli inkişaf strategiyasını cənab İlham Əliyev ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev tərəfindən  bütün sahələrdə həyata keçirilən bu siyasət Azərbaycanı daha müasir şəkildə dünyaya təqdim edir. Azərbaycan sözün həqiqi mənasında təkcə regionda deyil, dünyada böyük söz sahibinə çevrilib. Hər bir azərbaycanlı var gücü ilə çalışmalıdır ki, bu siyasətə dəstək olsun, həyata keçirilən bütün bu uğurlu işlərdə əlindən gələni əsirgəməsin, dövlətimizin, rəhbərimizin ətrafında bundan sonra da sıx birləşsin.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dossent Aytən Cəfərova çıxış edərək dövlətimizin başçısının elmə, təhsilə, mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti illərində əsası qoyulan bu siyasət ötən 20 ildə daha da inkişaf edib, Azərbaycan təhsili, elmi, mədəniyyəti hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Gənc alimlərin xaricdə təhsil almasına dair Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanda elmin inkişafına müsbət təsir göstərib. Ölkə rəhbəri mütəmadi olaraq istər təhsil, istərsə də elmlə bağlı mühüm  qərarlar verir, islahatlar aparır. Çünki bir xalqın elmi və təhsili möhkəm dayaqlar üzərində qorunarsa, o xalqın bütövlüyü və gələcək inkişafı da təmin edilmiş olar. Dövlətimizin başçısının bu istiqamətdə apardığı siyasət Azərbaycanın təkcə bugünü üçün deyil, gələcəyi üçün də mühüm istiqamətləri müəyyənləşdirir.