Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ordubad rayonunda “Sehrli Ordubad” adlı foto sərgi keçirilib. Peşəkar fotoqraf Aydın Mehdiyev tərəfindən ərsəyə gətirilən sərgi Ordubad rayon Mədəniyyət sarayının foyesində baş tutub. Sərgidə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların məsul şəxsləri ilə yanaşı Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman da iştirak edib. İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sərginin əhəmiyyətini vurğulayaraq, incəsənətə və rəssamlığa böyük önəm verən Heydər Əliyev dühasının “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonuna, onun təbiətinə və digər özəlliklərinə olan xüsusi münasibətini diqqətə çatdırıb. Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman Ordubad rayonu və təşkil olunan sərgi haqqında öz şəxsi təəssüratlarını və müsbət fikirlərini bölüşüb. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Daha sonra iştirakçılar tərəfindən sərgiyə ətraflı baxış keçirilib. Təqdim edilən materiallar böyük maraqla qarşılanıb.