Unus kəndində növbəti səyyari qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulunu 19 sentyabr 2024-cü il tarixdə Unus kənd sakinləri ilə keçirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında yerli əhalinin gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

         Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 19-20 sentyabr tarixlərində suverenliyimizin bərpası ilə nəticələnən Antiterror əməliyyatının ildönümünün tamam olduğunu qeyd edərək şanlı zəfər tariximizdən söhbət açıb. Həmçinin Antiterror əməliyyatında qəhrəmancasına şəhadətə yüksələn Nihat Quluzadənin Unus kəndində böyüyüb-başa çatdığını qeyd edərək Ali Baş Komandan İlham Əliyev rəhbərliyində son 20 ildə mübariz və cəsur gəncliyin formalaşmasının bizim qələbəmizdə xüsusi payı olduğunu vurğulayıb.

        Görüşdə Azərbaycanın müasir inkişaf strategiyası və həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri haqqında ümumi məlumat verilməklə yanaşı dövlət başçısı tərəfindən son illərdə yeni və innovativ idarəetmə modelinin tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin funksional özəllikləri, bu institutun modern və keyfiyyətli iş strukturunun formalaşdırılmasındakı rolundan bəhs edilib. Eləcə də “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət strategiyası və proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində yeni obyektlərin istifadəyə verilməsi və yüksəkgəlirli iş yerlərinin yaradılması əhalinin rifah halınının daha da  yüksəlməsinə xidmət edəcəkdir.

Bu il rayon ərazisində pilot layihə olaraq baramaçılıqla bağlı atılan addımların müsbət nəticə verdiyi, yaxın illərdə bu sahədə  kəmiyyət və keyfiyyət faktorunun eyni ardıcıllıqla daha da artacağı nəzərə çatdırılıb. Türk dünyasına açılan qapı rolunu oynayacaq “Zəngəzur dəhlizi” layihəsinin reallaşmasının Ordubad rayonunun inkişaf dinamikasına böyük təsir göstərəcəyi qeyd olunub. Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına uyğun olaraq rayon ərazisində kompleks işlərin həyata keçiriləcəyi, şəhərin baş planı və  yeni hotel tikintisi üçün işlərə start verildiyi, tarixi Sərşəhər və Mədrəsə binalarının təmiri üçün müvafiq addımların atıldığı yerli sakinlərin diqqətinə çatdırılıb.  

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən şəhid ailələrinin və müharibə iştirakçılarının yaşadıqları ərazilərə gedən yolların asfaltlanması ilə yanaşı bu ərazilərdə geniş abadlıq işlərinin getdiyini və görülən işlərin ardıcıl olaraq davam edəcəyini də bildirib. Ölkəmizdə bu ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması və dünya əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi etməyin əhəmiyyəti bir daha vurğulanaraq Ordubad rayonunda da bu sahədə görülən tədbirlər barədə məlumat verilib.

Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib, məşğulluq, əmlak mübahisəsi və sair problemlər ilə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.