Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü ilə əlaqədar olaraq Unus kəndində məzarı ziyarət olunub. 24 yanvar 2025-ci ildə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq ərazidən seçilən deputatı, eləcə də İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin, Polis şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxış edənlər şəhidimizin vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək Nihat Quluzadənin keçdiyi şərəfli ömür yolundan danışıb, onun xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını bildiriblər. Tədbirdə, həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin əziz xatirəsinin daim hörmətlə yad edilməsi və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, şəhid Nihat Quluzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən müharibəsi iştirakçısı" , "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə də təltif olunub.