2025-ci il aprelin 21-də Ordubad rayonunun Üstüpü kənd qəbiristanlığında Kəlbəcər döyüş bölgəsində şəhidlik zirvəsinə ucalmış Babayev Üzeyir Fərhad oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis Şöbəsinin əməkdaşları, şəhidin oxuduğu məktəbin kollektivi, eləcə də kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçmiş Üzeyir Babayevin keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildirilib ki, Üzeyir Babayev öz rəşadətli xidməti ilə gənclərə örnək olub, qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Çıxışlarda ölkə rəhbərliyinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər qeyd edilib.
Daha sonra Üstüpü kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.