Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabr ayının 15-də “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Üstüpü kəndində yaşayan uzunömürlü nümunəvi ailənin üzvləri – Əsədov Məhəmməd Həsən oğlu və Babayeva Ziyada Baba qızı ilə görüş keçirilib. Görüşdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, eləcə də fəal gənclər iştirak ediblər. Görüşdə dövlət qurumlarının nümayəndələri ölkəmizdə ailələrə göstərilən dövlət qayğısından ətraflı danışıblar. Bildiriblər ki, evliliklərinin 68 illiyi tamam olan uzunömürlü ailə başçısı Məhəmməd Əsədov ailəsinin qayğısına qalaraq, onu qoruyub saxlayıb, 8 övlad böyüdüb, boya-başa çatdırıb, 19 nəvə, 30 nəticə sahibidir.
Məhəmməd Əsədov keçdiyi həyat yolu, ailə həyatı, əmək fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verib, ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə rəhbərinə minnətdarlığını bildirib. Həmçinin gələcək nəsillərə nümunə olacaq ailə üzvləri uzunömürlü nikahlarının sirlərini bölüşərək, sağlam ailənin təməlinin qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd ediblər. Ailə dəyərlərinin qorunub saxlanılmasının cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olduğunu xüsusi vurğulayıblar. Görüşdə ailəyə hədiyyə təqdim olunub.