Üstüpü və Məzrə kənd sakinlərinin müraciətləri dinlənilib

02 avqust 2024-cü il tarixdə Odubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Üstüpü kəndində səyyari qəbul keçirilib. Vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Odubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq dövlət başçısı cənab İlham Əliyev rəhbərliyində ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və yüksələn dinamik inkişaf tempi haqqında ətraflı məlumat verib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin modern idarəçilik mexanizminin yaradılmasında rolu xüsusi qeyd olunaraq  “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında geniş şəkildə bəhs olunub. Dövlət proqramına uyğun olaraq Ordubad rayonunda ipəkçilik və baramaçılıq, eləcə də konserv istehsalı sənayesinin yenidən bərpa ediləcəyi bildirilib. Həmçinin pilot layihə olaraq baramaçılıq sahəsində atılan addımların müsbət nəticə verdiyi vurğulanıb.

   Qəbul zamanı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə yaxın günlərdə yeni hotel tikintisi istiqamətində işlərə başlanacağı qeyd olunub. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin hərtərəfli restavrasiya olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

İcra başçısı öz çıxışında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın Türk dünyası ailəsinin ayrılmaz bir parçası olduğunu qeyd edərək Zəngəzur dəhlizi layihəsinin reallaşması fonunda Ordubadın türk dünyasına açılan qapı olaraq xüsusi dəyər qazanacağını dinləyicilərin nəzərinə çatdırıb. Eləcə də kommunikasiya yollarınının açılması ilə  rayon ərazisində bütün sahələrdə genişmiqyaslı inkişaf və quruculuq işlərinin həyata keçiriləcəyindən bəhs olunub.

Daha sonra Üstüpü və Məzrə kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, yol, elektrik,  içməli su təminatı, təhsil, idman və sair istiqamətlər üzrə  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.