Vələver kəndində növbəti səyyar qəbul keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin birbaşa həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Vələver kəndində növbəti səyyar qəbul təşkil olunub. Görüşdə Vələver, Başkənd və Qoruqlar kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək ölkə ərazisində həyata keçirilən islahatlar, regional inkişaf strategiyası və mövcud sosial-iqtisadi proqramlar barədə geniş məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın milli maraqlara əsaslanan balanslı siyasəti ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Görüş zamanı icra başçısı 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edərək onların fəaliyyətinin ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, sosial rifahın təmin olunması və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, dövlət qulluqçusu olmaq xalqa sədaqətlə xidmət etmək, dövlətin siyasətini məsuliyyətlə həyata keçirmək və cəmiyyət qarşısında yüksək vəzifə daşımaq deməkdir. Dövlət başçısının siyasi iradəsi ilə formalaşan çağdaş idarəetmə modeli dövlət qulluqçularının peşəkarlıq, dürüstlük və xalqa bağlılıq kimi keyfiyyətlərini əsas meyar kimi müəyyənləşdirir. Bu prinsiplərə əsaslanan dövlət qulluğu institutu vətəndaşların dövlətə olan inamının möhkəmləndirilməsində mühüm rol oynayır.

İcra başçısı, eyni zamanda, qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə qəbul iştirakçılarını təbrik edib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu tarixi Qələbələr xalq-ordu birliyinin, dövlətimizin hərbi-siyasi qüdrətinin və dəmir yumruq ətrafında birləşmiş iradənin təntənəsidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Görüşdə, həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına toxunulub. Qeyd edilib ki, proqram çərçivəsində rayon ərazisində mədən sənayesinin dirçəldilməsi, yol və su təsərrüfatı infrastrukturunun yenilənməsi, eləcə də digər sahələr üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə xalçaçılıq-ipəkçilik və konserv məhsullarının istehsalı üzrə yeni müəssisələrin yaradılması planlaşdırılır. Qəbul zamanı rayonda həyata keçirilməsi nəzərdə tutulan “Ailə Biznesinə Asan Dəstək” layihəsi haqqında da məlumat verilib. Layihənin məqsədi ailə təsərrüfatlarının inkişafına dəstək göstərilməsi, kiçik sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması və məşğulluğun artırılmasıdır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, elektrik, su, səhiyyə, ekoloji və digər məsələlərlə bağlı qaldırılan problemlər yerində araşdırılıb, operativ həll yolları müəyyənləşdirilib. Həlli müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.