Zamanın fövqündə dayanmağı bacarmaq hər şəxsiyyətə və hər bir dövlət xadiminə xas olan xüsusiyyət olmadığı kimi, futurustik düşüncə, strateji analiz qabiliyyəti və praqmatik siyasətçi xarizmasının da deyilənlərlə bir arada monolit bir qüvvə kimi təmsil olunduğu tək və yeganə lider olmaq - yalnız və yalnız Heydər Əliyev dühasının yetişdirdiyi İlham Əliyev cənablarına xarakterik bir cəhətdir desək, yanılmarıq.
Azərbaycan dövlətinin, azərbaycançılıq məfkurəsinin tam şəkildə təntənəsinin və tərəqqisinin əsasını qoymaq Ümummilli Liderin başlatdığı bir hərəkat idisə, bunun zəfər finalı sözsüz ki, cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan adlı bir məmləkətin son 200 il ərzində məruz qaldığı müstəmləkəçilik amili, ərazilərinin parça-parça qoparılaraq ətrafındakı qonşu dövlətlər arasında yem kimi bölünməsi, aydın və işıqlı insanlarının repressiyaya məruz qaldığı bir eranın sonuna strateq məharəti, sərkərdəlik qabiliyyəti və uzaqgörənliyi ilə son qoymağı bacarmaq dünya şöhrətli liderlərə xas olan keyfiyyətdir. Azərbaycan nəinki regionda, faktiki olaraq qlobal siyasətdə aktiv oyunçu şəklində öz ağırlığını qoyaraq söz sahibi olmağı bacarmış, bölgəsəl maraqlar uğrunda gedən heç bir prosesin kənarında deyil, birbaşa liderliyində addımlamağı məqsəd kimi ortaya qoymuşdur.
Prezident İlham Əliyevin personasının nəinki səhifələrə, ümumiyyətlə kitablara sığışdırılmasının mümkün olmadığı qəbul edilən bir həqiqətdir. Diletantların deyil, yalnız peşəkar analitik və nəzəriyyəçilərin seminarlarına mövzu ola biləcək bir liderin həyatı, keşməkeşli və təcrübələrdən yetişib bu günün flaqmanına çevrilən bir traktatı əks etdirir.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş, ilk təhsilini Bakı şəhərində aldıqdan sonra təhsilin ali səviyyəsini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda davam etdirərək aspirantura mərhələsini adlamış və dissertasiya müdafiəsinin nəticəsi olaraq tarix elmləri namizədi adına yiyələnmişdir. Peşə fəaliyyətinə institut müəllimi kimi başlasa da, Ümummilli Lider Heydər Əliyevin həyatına olan təzyiq və təhdidlər fonunda vətənə qayıtmağa məcbur olmuş, bir müddət biznes və bir sıra kommersiya müəssisələrinə rəhbərlik etmişdir. Daha sonra ARDNŞ və Milli Məclisdə yüksək post və millət vəkili statusunu qazanan dövlət başçısı həm də Olimpiya Komitəsi kimi bir strateji quruma uzun illər rəhbərliyini davam etdirərək Azərbaycan idmanının ən yüksək pillələrdə qərar tutmasına nail olmuşdur. Yeni Azərbaycan Partiyasının da uzun illər rəhbər postlarında çalışaraq partiyanın modern fəaliyyət strukturuna yiyələnməyinə birbaşa vasitəçi olmuşdur.
2003-cü ilin avqustunda Baş nazir vəzifəsinə təyinatdan sonra isə İlham Əliyev şəxsiyyətinin siyasi fəaliyyətdə ilkin addımları atılmağa başlandı. Diplomatik sferanın dərin bilicilərindən olan İlham Əliyevin ölkə xaricində, xüsusən də, 21-ci əsrin əvvəllərində Avropa Şurası Parlament Assambleyası və digər mötəbər qurumlarda yüksək status əldə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırması isə dövlətin ağır günlərində məlhəm olan mühüm meyarlardan biri sayıla bilərdi. 2003-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində yüksək faizlə rəqiblərini qabaqlayaraq ölkə başçısı kimi ilk andını içən İlham Əliyev zəkası, rəhbərliyinin ilk günlərindən başlayaraq ölkə daxilində olan antimilli ünsürlərin və yad emissarların nümayəndələrinin xaos, hərc-mərclik, anarxiya cəhdlərinin və başıpozuq fəaliyyətlərinin qarşısını məharətlə alaraq bugünki Azərbaycanda olan daxili sabitliyin, ictimai rifahın, sosial-iqtisadi yüksəlişin və ən əsası ərazi bütövlüyünə gedən yolda konstitusional və eqalitar prinsiplərə söykənən zəngin dövlətçilik irsinin təməlini qoymuş oldu.
İlham Əliyev dövlətçilik səriştəsinin nəticəsi olaraq sonrakı prezident seçkilərinin də hər birini yüksək faizlə qazanaraq ölkə başçısı postunu əldə etməklə Azərbaycanın son 20 ildəki inkişafının memarı olmağı bacardı. İşsizlik faizinin 56 faizdən təkrəqəmli faizə düşməsi, ÜDM artım tempində uzun illlər ərazində liderlik fərqi, yüzminlərlə yeni və dayanıqlı iş yerlərinin yaradılması, çoxlu sayda sosial binaların inşa edilərək əhalinin istifadəsinə verilməsi, milyondan artıq qaçqın və məcburi köçkünün həyat şərtlərini yüksəltmək üçün inşa edilən kompleks yaşayış evləri, dövlət yardımları və saymaqla bitməyən zəngin iş fəaliyyəti cənab Prezidentin ətrafında ölkə əhalisinin bütün təbəqələrinin sıx şəkildə birləşərək mütərəqqi gələcəyə doğru birgə addımlamağına şərait yaratdı.
Azərbaycan Prezidenti hakimiyyəti illərində dünya ölkələrinin və rəhbər şəxslərinin əksəriyyətinin fəxri mükafat və təltiflərinə, dünya şöhrətli ali təhsil müəssisələrinin fəxri elmi adlarına, bir sıra dövlətlərin fəxri vətəndaşı ünvanına layiq görülərək ölkə adını daima yüksəklərdə tutmuşdur.
İlham Əliyevin rəhbərliyi dövründə qlobal investisiya layihələrində aktiv şəkildə iştirak edərək transmilli korporasiyaların və konsorsiumların regionda həyata keçirilən bütün fəaliyyətlərində Azərbaycanın iştirakı zəruri addıma çevrilmişdir. Əksinə olaraq isə bütün qlobal layihələrdən təcavüzkar Ermənistan dövləti təcrid edilərək düşmənə iqtisadi blokada tətbiq edilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və TAP layihələri, Şimal-Cənub dəhlizi proyektləri ilə Azərbaycan qlobal dəhlizlər müstəvisində öz iştirak payını təmin etmiş, Ermənistanın bu layihələrdə iştirakına isə yalnız Qarabağ probleminin həllindən sonra nail olacağı bildirilmişdir. Şovinist və istilaçı hərbi xunta rejiminin başında durduğu Ermənistan dövləti isə bütün bu proqressiv layihələrdən kənarda qalaraq özünün forpost qurumunun iqtisadi çöküşünün də əsasını qoymuşdur.
Transmilli layihələrdə iştirak və zəngin infrastruktur islahatlarının nəticəsi olaraq Azərbaycanın dövlət büdcəsinin yüksəlişi ona əsas verdi ki, bütün sahələrdə inkişaf və reform hərəkatı başlandı. Yeni idarəetmə strukturları yarandı, milli ordunun və hüquq-mühafizə orqanlarının təkmilləşdirmə və modernləşdirmə islahatları maddi-texniki bazanın və aidiyyəti orqanların əməkdaşlarının zəruri ehtiyacları ilə paralel şəkildə qarşılanaraq müasir, güclü və NATO standartlarına cavab verən ordunun əsası qoyuldu ki, bu da aparılan siyasətin təsdiqini son 3 il ərzində döyüş əməliyyatlarında ardıcıl qələbələr ilə bariz olaraq göstərdi.
İlham Əliyevin rəhbərliyi dövründə ölkənin zəfər arealı təkcə hərbi müstəvidə deyil, diplomatik səhnədə də böyüməkdə davam etmişdir. Azərbaycan diplomatiyası BMT, ATƏT, Avropa Parlamenti, İƏT, MDB, Qoşulmama Hərəkatı və digər mötəbər kürsülərdə dövlətin maraqlarını qorumuş, siyasi riyakar dairələrin və ikili standart yanaşmaların mövqeyinə uyğun cavablar sərgiləmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yorulmaz səylərinin nəticəsi olaraq Azərbaycan bu müddət ərzində qeyd olunan təşkilatlarda rəhbərlik statusuna yiyələnmiş, yüzlərlə beynəlxalq tədbirə ev sahibliyi etmiş və nəticə olaraq bütün bunlar ölkənin nüfuzunun və prestijinin artmasına birbaşa təsirini göstərmişdir.
Bugün artıq Azərbaycan öz qüdrətinin zirvəsini yaşayır. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və yenidənqurma tədbirləri, dağıdılmış və talan edilmiş ərazilərin bərpası, baş planların hazırlanması, yeni hava limanları, modern üslubda ağıllı şəhərcik və kəndlərin qurulması ilə paralel olaraq “Böyük qayıdış” proqramının da icrası artıq azad olunmuş ərazilərin tam şəkildə bütün zənginliklərindən faydalanmağa imkan verəcəkdir ki, bütün bu proseslərin ölkə iqtisadiyyatına verəcəyi mənfəət danılmaz faktdır.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, 2024-cü ilin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərinin şəriksiz və vahid qalibi yenə də Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq və onun rəhbərliyi altında müasir Azərbaycan dövləti gələcəyə, post-müharibə dövrünün bizə qazandıracağı yeni-yeni zəfərlərə uğurla addımlayacaqdır.