Xankəndidə tarixi zirvə – Qarabağdan yüksələn əməkdaşlıq çağırışı

     2025-ci il iyulun 4-də Xankəndi şəhəri tarixi və siyasi baxımdan əlamətdar hadisəyə ev sahibliyi etdi. Qarabağın mərkəzində – Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu nüfuzlu beynəlxalq toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu və prinsipial çıxış edərək, iştirakçı dövlətlərə Azərbaycanın regional və beynəlxalq gündəmlə bağlı baxışlarını, həmçinin postmüharibə dövründə əldə etdiyi strateji uğurları çatdırdı. Azərbaycan Respublikasının Prezidenti ECO dövlətlərinin başçılarını Xankəndidə salamlamaqla çıxışına başlayıb. Ölkə başçısı qeyd etdi ki, bu Zirvə görüşünün məhz Xankəndidə – işğaldan azad olunmuş ərazidə keçirilməsi xüsusi rəmzi məna daşıyır. Bu, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu, dövlətimizin milli iradə ilə tarix yazdığını bir daha bütün dünyaya nümayiş etdirir.

    Son illərdə Azərbaycanın azad edilmiş ərazilərində bir sıra mötəbər beynəlxalq tədbirlər təşkil olunub. Şuşada ECO Nazirlər Şurasının iclası, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin üçtərəfli toplantısı və nəhayət, Xankəndidə keçirilən bu Zirvə görüşü bir daha göstərir ki, Qarabağ artıq sülhün, sabitliyin və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Prezident İlham Əliyev Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində baş tutan bu görüşü Azərbaycanın quruculuq iradəsinin parlaq təcəssümü kimi xarakterizə etdi. Dövlət başçısı çıxışında tarixi ədalətsizliyə – Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinə toxunaraq bildirdi ki, bu müddətdə Azərbaycanın 20 faiz torpaqları işğal altında qalmış, bir milyondan artıq insan doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz, dini və mədəni abidələrimiz dağıdılmışdır. Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb. 2020-ci ilin Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Prezident çıxışında bu tarixi qələbənin siyasi, hüquqi və mənəvi aspektlərinə xüsusi yer verdi.

    Bərpa-quruculuq prosesi hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alıb. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlər qayıdıb, hazırda azad ərazilərdə 50 mindən çox insan yaşayır. Prezident İlham Əliyev Ermənistanın təkcə şəhərləri deyil, həm də insan həyatını hədəfə alan mənfur addımlarından danışaraq qeyd etdi ki, ölkəmizin azad edilmiş torpaqlarında Ermənistan tərəfindən bir milyondan artıq mina basdırılıb. Müharibədən sonrakı dövrdə 400-ə yaxın Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həyatını itirib və ya ağır yaralanıb. Bu, beynəlxalq hüquq normalarına zidd olaraq sülhə və sabitliyə açıq təhdiddir.

   Çıxışda Ermənistan tərəfindən öz tarixi yurdlarından deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsinə də geniş yer ayrıldı. Dövlət başçısı, İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda qəbul etdiyi qətnamə və “İstanbul Bəyannaməsi”nin bu istiqamətdə mühüm hüquqi-siyasi baza yaratdığını vurğuladı. Azərbaycanın ECO çərçivəsindəki fəaliyyəti hər zaman ardıcıl və fəal olub. Ölkəmiz həm təşkilat daxilində, həm də regionda mühüm təşəbbüslərlə çıxış edir. Prezident çıxışında COP29-un məhz ECO məkanında ilk dəfə Azərbaycanda keçirildiyini xatırladaraq, bu uğurun inkişaf etməkdə olan ölkələrə göstərilən dəstək baxımından əlamətdar olduğunu qeyd etdi.

    Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq “ECO Həftəsi” keçirilmiş, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Həmçinin, ölkəmizdə ECO Tədqiqat və Təmiz Enerji mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır. 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm Paytaxtı” elan edilməsi isə bu sahədəki səylərin daha bir təsdiqidir.

   Ölkə başçısı çıxışında qeyd etdi ki, ölkəmizdə formalaşmış müsbət sərmayə iqlimi nəticəsində son 20 ildə iqtisadiyyata 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, 12 ölkəyə qaz ixracı, nəqliyyat dəhlizlərinin – Şərq-Qərb və Şimal-Cənub xətlərinin üzərində yerləşməsi onu regionun vacib iqtisadi oyunçusuna çevirib.

   Prezident İlham Əliyevin Xankəndidəki çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa, regional sabitliyə və tarixi ədalətin bərpasına verdiyi töhfənin növbəti təzahürü oldu. Bu çıxış həm də bir mesaj idi – Qarabağda indi barıt qoxusu deyil, tərəqqi nəfəsi duyulur; Xankəndi isə sülhə, əməkdaşlığa və yeni çağırışlara ev sahibliyi edir