İyunun 2-dən AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya Xaraba Gilan şəhəri ərazisində arxeoloji qazıntılara başlayıb.
Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı baş qala qapısı və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Tədqiqat zamanı abidənin İçərişəhər hissəsinə və Narınqalaya gedən yolları müəyyənləşib. Yolun eni 2 metr 35 santimetrdir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də üzə çıxarılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib.
Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir. Yarımdairəvi tikilinin uzunluğu 8 metrə yaxın, hündürlüyü isə 1,5 metrdir. Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqlarının öyrənilməsi zamanı məlum olub ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib. Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, metal əşya və s. aşkarlanıb. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.