ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik

Oktyabr ayının 27-də Bakı şəhərində keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq münasibətlərimizə toxunaraq bildirib ki, beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var.

Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq.

Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Bu ay biz AQEM Zirvə Görüşünə ev sahibliyi etdik. Bu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Bu təşkilat demək olar ki, 30 ölkəni birləşdirir və bizim AQEM-də sədrliyimiz yekdilliklə daha iki il uzadılmışdır. Ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatının tamhüquqlu üzvü kimi dəvət olunmuşdur. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir.

Mmüharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimi, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır.

Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq. Əminəm ki, bu və bir çox digər mühüm məsələlər Forumda geniş müzakirə olunacaq.

İlham Əliyev bütün iştirakçılara, xüsusilə, Bakıya gəldikləri üçün əcnəbi qonaqlara minnətdarlığını bildirmişdir.