Fevral ayının 26-da Ordubad Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin, Xocalı şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Ulu Öndər Heydər Əliyevin soyqırımı aktına ilk dəfə hüquqi-siyasi qiymət verdiyini, dahi şəxsiyyətin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdiyini bildirib. İcra başçısı burğulayıb ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Rəcəb Rəhimli ölkə başçısının rəhbərliyi altında xalqımızın bundan sonra da yeni zəfərlər və uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, Əndəmic kənd tam orta məktəbinin direktoru Əyyar Səfərov çıxış ediblər. Çıxışlarda ermənilər tərəfindən son 100 il ərzində xalqımızın başına gətirilən faciələr, erməni ideologiyasının münaqişənin alovlanmasında oynadığı rol və erməni terror qruplarının fəaliyyəti, Xocalıya qədərki baş verən hadisələrin sistemli şəkildə düşünülərək düşmənin mənfur niyyətlərinin həyata keçirilməsində qabaqcadan hazırlanan planın tərkib hissəsi olduğu qeyd edilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərdən çox insanın taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib ki, onlardan da 76 nəfəri uşaqlar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Vurğulanıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, - “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Çıxış edənlər Xocalı faciəsi zamanı əhalinin başına gətirilən müsibətlər haqqında danışaraq bu hadisənin sağ qalan insanların taleyində dərin yara açdığını vurğulayıb. Erməni terrorçu dəstələrinin heç bir məntiqə sığmayan vəhşilikləri fonunda ikinci Qarabağ müharibəsi sonrasında da kütləvi məzarlıqların aşkarlandığı və bu hadisədə əli olanların cinayət məsuliyyətinə cəlb ediləcəyi günün uzaqda olmadığını bildiriblər.
Çıxışlarda ölkə rəhbərliyi tərəfindən son illərdə Xocalı soyqırımının tanıdılması üçün aparılan diplomatik siyasət, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlayaraq davam etdirdiyi “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti, dünya dövlətləri və parlamentləri tərəfindən qətliam barədə çıxarılan qərarların bu hadisənin daha geniş arenaya çıxarılmasında və tanıdılmasında mühüm rol oynadığı qeyd olunub.