17 avqust 2024-cü il tarixdə Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhid Musayev Murad Hüseynqulu oğlu və şəhid Qənbərov Eldar Əsəd oğlunun, eləcə də, Dırnıs kəndində şəhid Məmmədov Maarif Rəşid oğlunun məzarları ziyarət olunub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidlərin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib
Çıxışlarda vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Qəhrəman vətən övladlarının misilsiz döyüş qabiliyyətindən, eləcə də xalqımızın hər zaman böyük qələbəyə inamla addımladığı tarixi zəfərdən bəhs olunub. Ölkəmizdə hərbi sənayenin inkişaf etdirilməsi, hərbi potensialın daim gücləndirilməsi sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəzərə çatdırılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan “Nizami Azərbaycan Ordusu”nun bu gün dünyanın hegemon dövlətləri arasında seçildiyi qeyd olunub. Silahlı qüvvələrimizin xalqımızla dəmir yumruq kimi birləşərək əldə etdiyi tarixi Zəfərin qürur mənbəyimiz olduğu ifadə edilib. İstiqlal tariximizdə şanlı səhifə yaradan, haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya, hörmət və ehtirama görə minnətdarlıq ediblər.