29 noyabr 2024-cü il tarixdə “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin iştirakçıları Ordubad rayonuna səfər ediblər. İlk olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayon İcra Hakimiyyətinin inzibati binasında layihə iştirakçılarını qəbul edib, "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlarla görüşüb.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli layihə iştirakçılarını salamlayaraq rayonun tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri, milli-mənəvi dəyərləri və turizm potensialı haqqında qonaqlara ətraflı məlumat verib. İcra başçısı “Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu’’nun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyini bildirib. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin yaxın gələcəkdə bərpa olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Çıxışda həmçinin “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin əhəmiyyəti vurğulanaraq bu addımın yeniyetmə və gənclərin gələcək inkişafında dərin iz buraxacağı qeyd olunub. Ulu Öndər Heydər Əliyevin irsinin gənclərimiz tərəfindən layiqincə davam etdirilməsinin zəruriliyini bildirən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda və ölkə xaricində bəşəri dəyərlərə xidmət edən humanist layihələrin mütəmadi olaraq həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihə barədə məlumat verərək əsas məqsədin uşaq və yeniyetmə hüquqlarının müdafiəsi üçün mümkün prioritetlərin müəyyən edilməsi və bunun üçün gənc səfirlər qrupunu hazırlamaq olduğunu bildirib. Layihənin ölkənin iki regionunda - Naxçıvan və Qarabağda reallaşdırılacağı, bu məqsədlə heyətin ilk olaraq Naxçıvan Muxtar Respublikasına səfər etdikləri qeyd olunub. Görüşün sonunda layihə iştirakçısı adından Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə əl işi hədiyyə edilib. Birgə xatirə fotosu çəkdirilib.
Daha sonra iştirakçılar Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirən, Zəngəzur dəhlizinin giriş qapısı sayılan Ordubad rayonunun Kotam kəndi ərazisində və Dəmiryol stansiyasında olublar. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi qeyd edərək 44 günlük tarixi Zəfərimizin ardından Zəngəzur yolunun açılması ilə bu ərazinin gələcəkdə nəhəng nəqliyyat və kommunikasiya qovşaqlarının kəsişmə nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyacağı haqqında ətraflı məlumat verib.
Ordubad rayonuna səfərləri çərçivəsində Dübəndi İstirahət Mərkəzində təşkil olunan çay süfrəsi arxasında icra başçısı ilə layihə iştirakçılarının səmimi söhbəti davam edib. Ardınca qonaqlar Ordubad şəhərinin tarixi-mədəni abidələri və qədim məhlələri, eləcə də füsünkar təbiətə malik olan Dırnıs və Anaqud kəndləri ilə tanış olublar. “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin iştirakçıları Ordubad rayonundan xoş təəssüratlarla ayrılıblar.