"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində növbəti yaşıllaşdırma tədbirləri keçirildi

      2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda növbəti yaşıllıq aksiyası təşkil edilib.

     02 noyabr 2024-cü il tarixində ətraf mühitin qorunması, yaşıllıqların artırılması və mühafizəsi üçün keçirilən tədbirlərdə Naxçıvan-Ordubad magistral yolunun hər iki tərəfində yeni ağac tingləri əkilib. Park və bağlarda genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Alaq otları biçilib, quru budaqlar kəsilib, ağac və çoxillik gül kollarına aqrotexniki qaydalar əsasında qulluq göstərilib.

      Ekoloji təhlükəsizliyin təmin olunması və yaşıllıqların qorunması məqsədilə aparılan abadlıq işləri zamanı park və bağların ərazisi suvarılıb, tullantılar təmizlənib. Bu tədbirlərdə rayon idarələri, müəssisələri və təşkilatları, eləcə də yerli ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Qeyd edək ki, Ordubad rayonu ərazisində təbiətin qorunması və ekoloji balansın saxlanılması üçün görülən işlər mütəmadi olaraq davam etdirilir.