2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda 23 oktyabr tarixində növbəti ağacəkmə aksiyası keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada, idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaşıllıq aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun Dəstə və Əylis kənd ərazilərinin yol kənarlarında yeni gül kolları və ağac tingləri əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Arxlar təmizlənərək ağac dibləri yumşaldılıb. Tullantılar ərazidən götürülməklə yanaşı bağ və parklarda suvarma işi aparılıb. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.
Qeyd edək ki, 18 oktyabrdan başlayaraq ardıcıl olaraq davam etdirilən aksiyanın əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin yaşıllıq zolaqlarının bərpasıdır.