Yaşıllıq aksiyası davam etdirilir

      Ordubad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində 24 oktyabr tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada, idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

        Ağacəkmə aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun Dəstə və Əylis kənd ərazilərinin yol kənarlarında yeni gül kolları və ağac tingləri əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.

     Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.