14 sentyabr 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan bağ və parklarda yaşıllıqlara qulluq işləri həyata keçirilib. 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması, eləcə də bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri çərçivəsində görülən işlərin davamı olaraq Ordubad rayonunun Əylis kəndində tut tinglərinin əkildiyi “İpək bağı” adlanan ərazidə, həmçinin Şəhriyar qəsəbəsinə gedən yolun hər iki tərəfində abadlıq işləri görülüb, alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, eləcə də ağac və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib.
COP29-un əsas prinsiplərindən hesab olunan ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə keçirilən abadlıq fəaliyyəti zamanı rayon ərazisində salınan bağ və parkların ərazisi suvarılıb, məişət və digər tullantılar təmizlənib. Abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər.