Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın ictimai-siyasi həyatında xüsusi yer tutan və ölkənin taleyüklü məsələlərinin həllində mühüm rol oynayan siyasi təşkilatdır. Partiyanın əsası 21 noyabr 1992-ci ildə qoyulmuşdur. O dövrdə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili çəkişmələr və hakimiyyətsizlik xalqı ciddi problemlərlə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycanın ziyalıları və xalqının taleyinə biganə qalmayan tanınmış ictimai şəxslər ölkəni bu xaosdan çıxarmaq üçün birlik nümayiş etdirməyə qərar verdilər. Bu prosesin təməlində “91-lər” kimi tanınan bir qrup vətənpərvər ziyalının 1992-ci ilin oktyabrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə ünvanladıqları müraciət dayanırdı. Onlar dahi şəxsiyyətin Azərbaycanı bu çətin vəziyyətdən xilas etmək üçün yenidən fəal siyasətə qayıtmağını xahiş etdilər.
Ulu Öndər Heydər Əliyevin bu çağırışa müsbət cavab verməsi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçildi. Konfransda qəbul olunan proqram və məramnamə sənədləri, partiyanın xalqın mənafeyini müdafiə edəcəyini, ölkəni siyasi sabitliyə və davamlı inkişafa çıxarmağı hədəflədiyini ortaya qoydu.
Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiya yalnız siyasi fəaliyyətlə kifayətlənməmiş, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr vermişdir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə Azərbaycan müstəqilliyini qorumaq və dünya birliyində öz mövqeyini gücləndirmək üçün yeni bir mərhələyə qədəm qoymuşdu. Bu dövrdə Yeni Azərbaycan Partiyası ölkənin siyasi və iqtisadi sabitliyinin təmin edilməsində əsas rol oynamış, ölkədə siyasi sabitlik, iqtisadi islahatlar və sosial inkişaf istiqamətində mühüm addımlar atılmışdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin müasir dövlət quruculuğu prosesində mühüm rol oynadı. Xüsusilə, dövlətin bütün sahələrində aparılan islahatlar, neft strategiyasının həyata keçirilməsi, xarici investorların cəlb olunması və Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmək istiqamətində atılan addımlar partiyanın ideoloji əsaslarının reallıqda əksini tapdığını göstərdi.
2003-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə partiyanın mövqeləri daha da gücləndi. Dövlət başçısı Azərbaycanın müstəqilliyini möhkəmləndirərək, ölkəni beynəlxalq aləmdə lider dövlətlərdən birinə çevirmək məqsədilə ardıcıl islahatlar həyata keçirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi Qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur əraziləri düşməndən azad edildi. Bu nailiyyətlər Yeni Azərbaycan Partiyasının Azərbaycanın milli maraqlarına xidmət edən əsas siyasi qüvvə olduğunu bir daha təsdiqləmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da partiyanın humanitar və sosial layihələr sahəsində fəaliyyətini genişləndirilməsində mühüm rol oynamışdır. O, Heydər Əliyev Fondunun prezidenti kimi milli-mədəni irsin qorunması, səhiyyə, təhsil və sosial təminat sahələrində bir çox layihələrə rəhbərlik etmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan cəmiyyətində humanitar dəyərlərin gücləndirilməsinə və xalqın rifahının gücləndirilməsinə yönəlmişdir. Bu fəaliyyətlər Yeni Azərbaycan Partiyasını təkcə siyasi təşkilat kimi deyil, həm də xalqın iradəsinin ifadəçisi və milli birliyin rəmzi kimi möhkəmləndirmişdir.
Bu gün Yeni Azərbaycan Partiyası ölkədəki siyasi liderliyini qoruyaraq, müasir çağırışlara uyğunlaşmaq və cəmiyyətin inkişafını təmin etmək üçün fəaliyyətini davam etdirir. Partiya cəmiyyətin müxtəlif təbəqələrindən olan yüzminlərlə üzvü öz ətrafında birləşdirərək, sabitlik və tərəqqi siyasətini uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol, milli maraqlara xidmət edən strategiyaları və əldə etdiyi uğurlar onu yalnız bir siyasi təşkilat kimi deyil, həm də milli birlik və inkişafın simvolu kimi tanıdır. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası gələcəkdə də Azərbaycanın inkişafına və xalqın firavanlığına xidmət edərək Ulu Öndər Heydər Əliyev irsini layiqincə davam etdirəcəkdir.