Noyabr ayının 20-də Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının fəalları, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, büstün önünə tər çiçəklər düzərək ehtiramlarını ifadə ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək tədbir iştirakçılarını Yeni Azərbaycan Partriyasının yaranmasının 31-ci ildönümü və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr tarixinin Ağdam şəhəri günü elan edilməsi münasibətilə təbrik edib, əlamətdar günlərin yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çətin günlər yaşadığı, xalqımızın ağır faciələrlə üzləşdiyi bir dövrdə vətənpərvər insanların, görkəmli nümayəndələrin nicat yolunu Heydər Əliyev şəxsiyyətində görərək, məhz Ona müraciət ünvanlamaları ilə yaranıb. Tarixi missiyanı şərəflə yerinə yetirən “91-lər”in həmin müraciəti əsasında, müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilib və ölkəmizin bütün bölgələrindən olan nümayəndələr o konfransda iştirak edib. Bu, tarixi bir hadisə idi və zərurətdən doğurdu. Ulu Öndərin sədrliyi ilə keçirilən bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbi də o idi ki, O həmişə xalqa xidmət edirdi, xalqın qayğıları ilə yaşayırdı, xalqla birlikdə idi.
Rəcəb Rəhimli vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının təsis konfransından yeddi ay sonra Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dəvət olundu, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin qara səhifəsi bağlandı, ölkə qarşısındakı ciddi, böyük problemlər məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə ki, Yeni Azərbaycan Partiyası üzvlərinin fəaliyyəti ilə aradan qaldırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edildi. Bir çox sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, bir neçə illər sonra güclü və nizami ordu yaransın. Bu gün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Həmin tarixi addımlar ölkəmizin üzünmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsaslərı qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.
Rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Partiyanın yeni sədri seçilməsindən, 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilən Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Partiya sədrinin sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunmasından bəhs edib.
Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Partiyanın yaranmasından, 31 illik fəaliyyəti dövründə əldə edilən uğurlardan, xalqın sevgisini və dəstəyini qazanmasından, ölkədəki sabitliyin təminatında avanqard rolunu davam etdirməsindən, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının nəinki regionda, eləcə də, beynəlxalq arenada böyük nüfuzu ilə tanınmasından, atılacaq addımlardan danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Partiya məfkurəsinin əsasını təşkil edən dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
Tədbirdə daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Ordubad Rayon Təşkilatının Dəstə kənd ərazi ilk partiya təşkilatının sədri Tofiq Babayevin, Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılovanın çıxışları dinlənilib.
Sonda Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov tərəfindən Partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim olunub.