04 oktyabr 2024-cü il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Yuxarı Əndəmic kəndinin sakinləri üçün səyyar qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini yad etmək üçün qəbul iştirakçılarını bir dəqiqəlik sükuta dəvət edib. İcra Başçısı 44 günlük Vətən Müharibəsinin və antiterror əməliyyatlarının unudulmaz və şərəfli bir tarix olduğunu vurğulayıb, müharibə nəticəsində Azərbaycan Respublikasının konstitusion hüquqlarının və suverenliyinin bərpa olunduğunu, ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyini qeyd edib.
Çıxış zamanı 2020-ci ilin 4 oktyabr tarixində Ermənistan tərəfindən Gəncə şəhərində həyata keçirilən terror aktı barədə məlumat verilib, düşmənin mənfur addımlarının ordumuzun qarşısını kəsə bilmədiyi vurğulanıb. 04 oktyabrın həm də Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün kimi qeyd olunduğu bildirilərək, Cəbrayıl Şəhəri Günü münasibətilə qəbul iştirakçıları təbrik edilib. İcra başçısı həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri haqqında məlumat verib. Zəngəzur dəhlizinin açılmasının Türk dövlətlərinin birliyi və beynəlxalq kommunikasiya şəbəkələrinin qurulmasında vacib rol oynayacağı vurğulanıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun müasir yanaşma və innovativ texnologiyaların inteqrasiyasını təmin edərək idarəetmənin effektivliyini artırdığı və vətəndaş məmnuniyyətinə əhəmiyyətli töhfə verdiyindən bəhs edilib, həmçinin Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının Ordubad rayonunda tarixi-mədəni irsin qorunması sahəsində rolu barədə məlumat verilib. Qeyd olunub ki, bu qoruğun yaradılması mədəni turizmin inkişafını stimullaşdıraraq regionun turistik cazibəsini artıracaq. Eyni zamanda, yerli iqtisadiyyata müsbət təsir edərək infrastrukturun inkişafına və ekoturizmin təşviqi üçün yeni imkanların yaranmasına səbəb olacaq.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər və bu proqramın “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda Ordubad rayonunda həyata keçiriləcək layihələr haqqında da ətraflı danışıb. Tədbirlər planına uyğun olaraq bu il baramaçılıqla bağlı pilot layihənin tətbiqi nəticəsində yüksək məhsuldarlığın əldə olunduğu, yaxın gələcəkdə ipəkçilik, konserv və digər ənənəvi sahələrin dirçəldilməsi üçün müvafiq işlərin görüləcəyi qeyd edilib. Ordubad şəhərinin baş planının hazırlanması və yeni hotel tikintisi üçün işlərə başlanıldığı bildirilib.
Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib. Məşğulluq, yol infrastrukturu, su, mavi yanacaq və digər problemlərlə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Aşağı Əndəmic kəndində tikilən mərasim evinin son tamamlama işləri ilə də tanış olub. Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.