Noyabr ayının 8-də Ordubad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin, Mədəniyyət, Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə yürüş keçirilib.
Ordubad şəhərinin mərkəzindən başlanan yürüşdə rayon məktəbliləri və gənclər iştirak ediblər. Yürüş iştirakçıları Ordubad şəhərinin Heydər Əliyev prospektində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları üzərinə çiçəklər düzdükdən sonra şəhərin girəcəyində yerləşən Bayraq Meydanına doğru hərəkət ediblər. Yürüş Bayraq Meydanında yekunlaşaraq tədbirlə davam edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxışlar dinlənilib. Bildirilib ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü və Bayraq Gününü qürurla qeyd edir. Bu sevinci, bu gözəl günləri bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Müzəffər Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu gün işğaldan azad olunan ərazilərimizdə Azərbaycan Bayrağı məhz onların sayəsində dalğalanır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünya gördü.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabr ayının 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunmasından, bunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlılığından, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasnın Dövlət Bayrağı olaraq təsdiq edilməsindən ətraflı danışılıb.
Sonra tədbir Ordubad rayonunun ümumtəhsil müəssisələrinin və uşaq musiqi məktəblərinin şagirdləri tərəfindən hazırlanan, Zəfər Gününə və Bayraq Gününə həsr olunan şeir, musiqi və rəqs nümunələrinin nümayişi ilə davam edib və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.