"Zəfər Gününün Şanlı Tarixi: Qələbəyə Gedən Yol və Böyük Qayıdış"

    08 noyabr Azərbaycan xalqının tarixi yaddaşında dərin iz qoymuş bir gün – Zəfər Günü kimi əbədiləşmişdir. Bu əlamətdar tarix, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda verdiyi qurbanların, uzun müddətli mübarizənin şərəfli nəticəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və illərlə davam edən işğalın sona çatması ilə nəticələndi.

      Ermənilərin uzunəsrlik düşmənçilik fəaliyyəti Azərbaycan xalqına və dövlətinə qarşı sistemli şəkildə təzyiq və zorakılıq aktları ilə yadda qalmışdır. XIX əsrdən başlayaraq Cənubi Qafqazda yerləşdirilən ermənilər zamanla separatçılıq və ərazi iddiaları ilə çıxış edərək, regionda süni münaqişə ocaqlarının yaranmasına səbəb oldular. 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın işğalçılıq siyasəti çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı təcavüz və zorakılıq hərəkətləri başladı. 1992-1993-cü illərdə erməni silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olundu. Nəticədə, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından məcburi köçkün düşərək qaçqın həyatı yaşamağa məcbur qaldı.

      Azərbaycan xalqının bu faciəli dövrü dövlətin müstəqillik və suverenliyinin qorunması üçün strateji düşüncəyə malik bir liderin olmasını zəruri edirdi. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanın çətin və taleyüklü dövrlərdən uğurla çıxmasını təmin etdi. Onun rəhbərliyi altında ölkədə sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli birliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində Azərbaycanın hərbi potensialı və beynəlxalq nüfuzu artdı. Bu siyasət onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

     Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətin hərbi və iqtisadi gücünün artırılması üçün genişmiqyaslı islahatlar həyata keçirildi. Ölkənin müdafiə sənayesi yeniləndi, Silahlı Qüvvələrin hazırlığı müasir döyüş standartlarına uyğunlaşdırıldı və beynəlxalq səviyyədə güclü tərəfdaşlıqlar quruldu. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafı, enerji resurslarından səmərəli istifadə edilməsi və beynəlxalq layihələrdə fəal iştirakı ölkənin siyasi və hərbi qüdrətini artıran əsas amillərdən biri oldu.

      2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatları və hücumlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyində Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən bu əməliyyat Vətən müharibəsi adını aldı və beynəlxalq hüquq çərçivəsində ölkəmizin torpaqlarını işğaldan azad etmə məqsədini güdürdü. “Dəmir Yumruq” əməliyyatı nəticəsində ordumuz müasir hərbi texnologiyalardan və yüksək dəqiqlikli hücum taktikalarından istifadə edərək, Azərbaycanın ərazisində qanunsuz silahlı dəstələri və düşmənin hərbi mövqelərini məhv etdi. Azərbaycanın qüdrətli ordusu, xalqın yekdilliyi və ölkə liderlinin qətiyyəti bu müharibənin qələbə ilə başa çatmasını təmin etdi. Xüsusi olaraq, "Dəmir yumruq" əməliyyatı çərçivəsində işğal altındakı rayonlar, o cümlədən, tarixi və mədəni mərkəzlərdən olan Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi. Bu hadisə Azərbaycan xalqının qələbə sevincinin zirvəsi oldu və həmin gün Zəfər Günü kimi qeyd olunmağa başlandı.

     Müharibənin başa çatmasından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün genişmiqyaslı layihələrə start verdi. Bura ilk növbədə minatəmizləmə əməliyyatları, infrastrukturun bərpası və məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün şəraitin yaradılması daxildir. Ölkə Pezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Böyük Qayıdış" konsepsiyası həyata keçirilməyə başladı. Bu konsepsiya azad edilmiş ərazilərin dayanıqlı inkişafı, sosial və iqtisadi canlanması məqsədi daşıyır və məcburi köçkünlərin təhlükəsiz və layiqli şəraitdə öz doğma torpaqlarına qayıdışını təmin edir.

       Qələbənin əldə edilməsindən sonra Dövlət başçısı cənab İlham Əliyev tərəfindən müharibə iştirakçılarına müxtəlif orden və medallar təqdim edilib. Bütün bu addımlar, Azərbaycanın Vətən müharibəsində iştirak edən qəhrəman övladlarına və onların ailələrinə verilən yüksək dəyər və ehtiramın göstəricisidir. Eyni zamanda, şəhid ailələri və müharibə iştirakçıları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və digər imtiyazların verilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

     44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycanın tarixi ədaləti bərpa etmə iradəsini, milli gücünü və dövlətçilik ənənələrini bir daha göstərdi. İşğaldan azad edilən ərazilərin bərpası və inkişafı ölkəmizin regiondakı lider mövqeyini daha da möhkəmləndirdi və Azərbaycan xalqının milli qürurunu təcəssüm etdirdi. 8 noyabr Zəfər Günü, təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının birliyinin, gücünün və sarsılmaz iradəsinin simvoludur.