Zəfər salnaməsi

         2020-ci ilin 27 sentyabr tarixində erməni hərbi təxribatlarının qarşısının alınması və ərazi bütövlüyümüzün bərpası məqsədilə Azərbaycan ordusunun bütün cəbhə boyu başlatdığı, Zəfərlə yekunlaşan genişmiqyaslı əks-hücum əməliyyatlarından 4 il keçir.

       19-cu əsrin əvvəllərində ədalətsiz şəkildə imzalanmış müqavilələr əsasında kütləvi olaraq Qarabağ və digər yurd yerlərimizə köçürülən erməni əhalisi öz himəyadarlarına arxalanaraq bu əraziləri özgəninkiləşdirməyə başlamış, milli-mənəvi dəyərlərimizi mənimsəyərək öz adına çıxmış, yerli aborigen əhaliyə qarşı soyqırımı və qəsbkarlıq siyasəti həyata keçirmişdilər. Ermənilər tərəfindən 200 ildən artıq davam edən düşmənçilik hərəkətləri təkcə qeyd olunanlar ilə yekunlaşmamış, məskunlaşdıqları ərazilərdə toponimlər bilərəkdən dəyişdirilmiş, münbit və əkinəyararlı torpaqlar müxtəlif yollarla ələ keçirilmişdi.

           Armenakan, Hnçak, Daşnaksutyun, Asala və digər adlarla quldur təşkilatları yaradaraq 2 əsrə yaxın müddət ərzində terror, vandalizm və talançılıqla məşğul olan erməni birləşmələri, 1905-1907 və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı amansızlıqla qətlə yetirmiş, İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda yüzlərlə yaşayış məntəqəsini dağıtmış, əhaliyə amansız işgəncələr vermişdilər. SSRİ-nin yaranması ilə davam edən məqsədyönlü siyasət 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlının deportasiya olunması və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsi ilə davam etdi. Dağlıq ərazidə yaşayıb fəaliyyət göstərən əhalinin bilərəkdən düzən ərazilərə köçürülməsi də soyqırımı siyasətinin bir növü sayılmaqdadır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan və SSRİ rəhbər orqanlarında yüksəlişi İttifaqın anti-Azərbaycan siyasətinin müvəqqəti də olsa dayandırılması ilə nəticələndi. Məhz Ümummilli Liderin qətiyyəti və sərt mövqeyi ermənipərəst yanaşmaların arxa plana atılmasına səbəb oldu.

          Yalnız Sovet İttifaqı rəhbərliyinin Heydər Əliyevi məqsədli şəkildə istefaya göndərməsi ilə keçmişdə göstərilən mənfur niyyətlərin icrası üçün yenidən ideal şərait yarandı. 1987-ci ildən başlayan bu proses daha 300 minə yaxın azərbaycanlının öz doğma yurdundan qovulması və didərgin düşməsi ilə nəticələnmişdir. Keçən əsr ərzində törədilən vəhşiliklərə və soyqırımı aktlarına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildi. 1998-ci il 26 mart tarixində imzalanan Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

            1990-cı illərin əvvəlindən başlanan işğalçılıq siyasəti ərazimizin 20%-nin itirilməsinə gətirib çıxardı. Yaşayış məntəqələri dağıdılaraq,  dinc əhali kütləvi soyqırıma məruz qaldı. Xocalı şəhəri, eləcə də Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər faşizmin dərəcəsini təsəvvürə gətirə bilməyəcək qədər böyük miqyasda idi. Atəşkəsin imzalanmasından sonra da dünya birliyi bu işğallara və soyqırımlara qarşı səssizliyini qorudu.  1992-ci il 24 mart tarixində təsis olunmuş Minsk Qrupu fəaliyyəti dövründə problemin həllinin uzaldılmasına və münaqişənin dondurulmasına çalışmış, işğalçı və işğala məruz qalan tərəflər arasında heç bir fərq qoymamışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri isə sadəcə kağız üzərində qalmağa davam edirdi.

            İşğal dövründə ölkə iqtisadiyyatı və mədəni irs dağıdıcı təsirə məruz qaldı. Qarabağda yerləşən mövcud  infrastruktur tamamilə məhv edildi. Mədəniyyət abidələri vandalizm və barbar münasibəti gördü. 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, həmçinin 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi ermənilər tərəfindən yararsız vəziyyətə salınaraq talan edildi.

Bütün çətinliklərə rəğmən Ulu Öndər Heydər Əliyevin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar Azərbaycana yeni nəfəs verdi. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasi xətt Azərbaycanın iqtisadi və hərbi qüdrətini artırdı. 2016-cı il aprel ayında Lələtəpə, 2017-ci ilin may ayında Günnüt və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı düşmən ağır məğlubiyyətə uğradıldı. Torpaqlarımızın müəyyən hissəsi azad edildi. Bütün bunlardan ibrət dərsi almayan erməni hakim dairələri və ordu rəhbərliyi 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozaraq təxribata cəhd etdi.  Müxtəlif istiqamətlərdən həyata keçirilən pozucu hərəkətlərin qarşısını almaq, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verildi.

44 gün ərzində bir dəfə də olsun geri çəkilməyən ordumuzun ardıcıl həyata keçirdiyi əməliyyatlar zamanı işğal altında olan 5 şəhər, 4 qəsəbə və 286 kənd azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik silahlı qüvvələrimizin nəzarəti altına keçib. Mədəniyyət paytaxtımız hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladı. Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyuldu.  Vətən müharibəsində qəhrəmancasına mübarizə aparan 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox hərbçi yaralandı, 6 nəfər isə itkin düşmüş sayılır.

10 Noyabr bəyanatının müddəlarına uyğun olaraq Erməni tərəfi noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın ərazilərini döyüşsüz tərk etdi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri geri təhvil verildi. Müzəffər Azərbaycan ordusu doğma torpaqlarımıza ayaq basdı. Şanlı qələbənin əldə olunmasında sözsüz ki, Ali Baş Komandan rəhbərliyində ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, güclü hərbi sənayenin yaradılması mühüm rol oynamışdır. Döyüşkən və vətənpərvər ruhlu əsgər və zabitlərimiz və arxa cəbhədə fədakarcasına iştirak edən xalqımızın vəhdət halında həmrəyliyi nəticəsində bu gün Azərbaycan bayrağı azad edilən torpaqlarda dalğalanır. Azərbaycan ordusu Xocalı, Kərkicahan və ermənlər tərəfindən törədilən digər qətliamların qisasını döyüş meydanında layiqincə almağı bacardı.

     İkinci Qarabağ müharibəsinin gedişində erməni hərbi birləşmələri ordumuzun irəliləməsini dayandırmaq üçün müxtəlif hiylə və mənfur addımlara baş vurur, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətməkdə davam edirdi. Beynəlxalq ictimaiyyət isə birinci müharibədə olduğu kimi xalqımıza qarşı törədilən bu vəhşiliklərə göz yummaqda davam edirdi. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonları müharibə ərzində ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuş, 30 minə yaxın mərmi və 227 raketin düşməsi nəticəsində 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüşdü. 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Təəssüf ki, müharibə cinayətlərinin izləri hələ də can almaqda davam edir. Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın patlaması 350-dən artıq insan itkisinə yol açıb.

        Bu gün Azərbaycanda Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərilir, qazilərimizin müalicə və sağlamlıqlarının bərpası diqqət mərkəzində saxlanılır. Müntəzəm olaraq şəhidlərin xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Müharibədən dərhal sonra döyüşlərdə şücaət göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Müharibə həm də Azərbaycanın informasiya siyasətinin yenidən şəkilləndirilməsi baxımından mühüm rol oynadı. Diplomatik və informasiya savaşı cəbhəsində Prezident İlham Əliyev rəhbərliyində bütün ölkəmiz səfərbər oldu.  30-a yaxın  aparıcı xarici media subyektlərinə müsahibə verən Prezident İlham Əliyev Ermənistanın təbliğat maşınının üzərindən qətiyyətlə xətt çəkdi. Dövlət başçısının müsahibələri və atdığı tvitlər dünya mediasında əsas manşet xəbər olaraq keçmişdir. Müharibə ərzində ölkədə fəaliyyət göstərən siyasi partiyalar həmrəylik nümayiş etdirərək ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalamış, düşmənlə mübarizəyə tam dəstək vermişdi.

Təhdid və təzyiq səddini uğurla dəf edən Azərbaycan, müharibədə inamlı qələbə qazanaraq tarixi ədaləti öz yerinə qaytardı. Şəhidlərin qanı yerdə qalmadı. Müharibədən sonrakı müddət ərzində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozan və sülhməramlı fəaliyyətin davam etdirildiyi ərazidə silahlı birləşmələrinin mövcudluğunu davam etdirən erməni separatçıları bir sıra təxribatlar törətdi.  Buna qarşılıq olaraq suverenliyimizin tam bərpası və yaşayış məntəqələrimizdə əhalinin təhlükəsiz yaşayışının təmini məqsədilə keçirilən  lokal xarakterli antiterror tədbirləri 23 saat davam etdi və 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında dayandırıldı. Separatçı qüvvələr tam tərksilah edildi. Qondarma liderləri həbs edilərək məhkəmə önünə çıxarıldı. Bütün  bunlar Azərbaycanın növbəti Qələbəsinin təntənəsi kimi xarakterizə olunur. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı həmrəy olaraq qəhrəmanlıq dastanı yazmağı bacardı.  

44 günlük Zəfər tariximizin başlandığı gün olan 27 sentyabr tarixi Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi təsis edilib. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan dövləti və xalqımız bundan sonra da şəhidlərinin xatirəsini daim əziz tutacaq, ərazi bütövlüyü və suverenliyimizin bərpasında canlarını fəda etmiş vətən övladlarını minnətdarlıqla yad edəcəkdir.