2024-cü ilin 7 fevral tarixi Azərbaycan dövlətçiliyi üçün qızıl hərflərlə yazılan bir tarix oldu. Növbədənkənar prezident seçkilərində ölkə rəhbəri, müzəffər sərkərdə İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanmaqla, beynəlxalq və regional siyasi qütbləşəmələr fonunda Azərbaycanın parlaq gələcəyinin əmin əllərdə olacağını bütün dünyaya bəyan etdi. İstər seçki ərəfəsi, istərsə də seçki günü keçirilən bütün anket və sorğularda Cənab İlham Əliyevin rəqiblərindən xeyli irəlidə olduğu aşkar olmaqla yanaşı, hətta müxalif partiya sıralarında yer alan tanınmış və aktiv üzvlərin bir çoxu faktiki olaraq Cənab İlham Əliyevə alternativ birinin olmadığını açıq şəkildə dilə gətirirdilər. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə son 20 ildə əldə etdiyi nəticələr, 2 əsrdən artıq müddətdə ərazi itkiləri ilə qarşılaşan dövlətimizin ərazi bütövlüyü və suverenliyinin Ali Baş Komandanın başçılığı altında bərpa olunması, diplomatik və hərbi sferada əldə edilən zəfərlər seçkinin nəticəsini qabaqcadan proqnozlaşdırmağın gərəksizliyini sübüt edən amillər sırasında idi. Bütün məsələlərdə çoxşaxəli yanaşma sərgiləyən və Azərbaycanın uğurlarını həzm edə bilməyən qərb dairələrinin təzyiq və təhdidləri fonunda Azərbaycan xalqı cənab İlham Əliyevə tükənməz hörmət, ehtiram və sevgisini göstərərək anti-Azərbaycan qüvvələrinə açıq mesaj verdi və hər zaman Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısının arxasında olduğunu bəyan etdi.
Mürəkkəb münasibətlər labirintində insan zəkasının triumfuna sahiblənən İlham Əliyev şəxsiyyəti bütün məsələlərdə rasional-funksional şüur və davranış modelinə əsaslanaraq Azərbaycan dövlətçiliyinin inkişafı üçün gərəkli addımları məqamında atmaqla intibah və tərəqqinin Azərbaycan modelinin təməlini qoymuşdur. İlham Əliyev personası Ulu Öndər Heydər Əliyevdən irs olaraq qəbul etdiyi iradi keyfiyyətlərə yiyələnməklə beynəlxalq təşkilatlarda, dövlətlərarası münasibətlərdə Azərbaycan dövlətçiliyinin maraqlarını yüksək səviyyədə qorumaqla yanaşı, xəritədə kiçik görsənən ərazini qlobal səviyyədə tanıtmağa nail olmuşdur.
Geosiyasi kataklizmlərdə dövlətçiliyimizin üzləşə biləcəyi fors-major halların qarşısını almaq üçün müdrik qərarlar qəbul edən ölkə başçısı bütün hallarda təhlükənin Azərbaycandan uzaqlaşdırılmasına, eləcə də prosesləri öncədən görməklə ölkəmizin dövlətlərarası çəkişmələr meydanından uzaq qalmasını layiqincə həyata keçirmişdir. Milli identifikasiyanın möhkəmləndirilməsi, mədəni irsimizin qorunması və dünyada tanıdılması işləri də İlham Əliyev liderliyində aparılan dövlət siyasətinin mühüm bir hissəsi sayıla bilər.
Ölkə Prezidenti özü və ailəsinin doğum günü və digər xoş anlarında atdığı müsbət addımlarla hər zaman diqqət mərkəzində olmağı bacarmışdır. Torpaqlarmızın düşmən tapdağı altında qaldığı dönəmlərdə qaçqın və məcburi köçkünlərin əhatəsində doğum gününü qeyd edən müzəffər sərkərdə İlham Əliyev bu dəfə də gözlənilməz bir jest edərək seçki günü Xankəndində səs verməklə bütün dünyaya öz prioritet siyasətinin mərkəzində Azərbaycanın ərazi bütövlüyü, suverenlik və xalqın daha yüksək layiqli yaşam səviyyəsinin təmin edilməsinin olduğunu göstərmiş oldu.
Seçki günü və seçkinin ilkin nəticələri açıqlandıqdan sonra xalqın bütün təbəqələrinin bayram əhvali-ruhiyyəsinə bürünərək seçkini qeyd etməsi, ölkənin dörd bir yanında sadə insanların həyata keçirdiyi şənlik və yığıncaqlar ölkə başçısına olan xalq sevgisinin dərin qatlarda olduğunu, heç bir dövlətin və ya qurumun bu aksiomu dəyişmək iqtidarında olmadığını bariz şəkildə göstərdi. Artıq əminliklə demək olar ki, Azərbaycan yeni və parlaq dövrün astanasına qədəm qoymaqla yanaşı, İlham Əliyev liderliyində Ümummili Lider Heydər Əliyev ideyalarının əbədi və dönməz yaşayacağı bir məmləkətə çevriləcəkdir.