Müstəqillik əldə etdikdən sonra siyasi sabitliyin olmaması və daxildə yaranan separatizm meyilləri torpaqlarımızın Ermənistan tərəfindən işğalına səbəb olmuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 30 ilə yaxın müddətdə sülhə nail olmaq və torpaqlarımızı dinc yollarla azad etmək cəhdlərinin Ermənistan və himayədarları tərəfindən müxtəlif bəhanələr ilə qarşısı alınır, işğalçı tərəf ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoyulmurdu. Problemin siyasi yollarla həlli üçün yaradılan ATƏT-in Minsk qrupu isə daha çox vaxtın uzaldılmasına çalışır, münaqişənin dondurulması mövqeyindən çıxış edirdi. Bütün çətinliklərə baxmayaraq atəşkəsdən keçən müddət ərzində Azərbaycan iqtisadi və hərbi qüdrətini gücləndirmiş, topraqlarımızın azad edilməsi üçün əlverişli siyasi şəraitin yaranmasını gözləyirdi. Nəhayət ki, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük müharibə ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici oldu və tarixi Zəfər qazanıldı. Ordumuz düşmən təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatlarında mühüm nailiyyətlər əldə etmiş, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Mincivan, Ağbənd, Bartaz və Hadrut qəsəbəsini, eləcə də 300-dən çox yaşayış məntəqəsini azad etmişdi. Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə mövqelərimiz daha da güclənmiş, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanata əsasən isə darmadağın olan Ermənistan qoşunları Ağdam, Laçın və Kəlbəcər şəhərlərini döyüşsüz təslim etməyə məcbur qalmışdı.
44 günlük müharibənin ardınca ölkəmizin sülhpərvər siyasət həyata keçirməsi Ermənistan və onun dəstəkçilərini hiyləgər və çirkin proseslərə əl atmağa həvəsləndirmişdi. Müharibədən sonra nəzarətdən kənar qalan ərazilərdə külli miqdarda mina basdırılaraq müxtəlif təxribat və terror planları qurulurdu. Üçtərəfli bəyanatın strateji əhəmiyyətli maddələri yerinə yetirilmir, erməni qoşun və texnikası hələ də qanuni torpaqlarımızda saxlanılırdı. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermiş, 2022-ci ilin sentyabrında isə ən qanlı toqquşmalar ilə yadda qalmışdı. 2023-cü ilin martında qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədir, müxtəlif vaxtlarda şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tuturdu. Bütün bunlar Azərbaycanın öz suveren ərazilərində qanuni olaraq nəzarəti bərpa etmə əməliyyatlarını şərtləndirən amillər idi.
10 noyabr bəyanatından keçən müddət ərzində ölkəmiz dəfələrlə haqlı narahatlığını ifadə edərək Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına öz xəbərdarlığını etmişdi. Rusiya sülhməramlılarının bitərəfli yanaşması və ərazilərimizdəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunmasına şərait yaratması ölkəmizdə dərin hiddət yaratmış, ekologiya fəallarının Şuşa-Laçın yolunda başlayan etiraz aksiyası ilə nəticələnmişdi. 2022-ci ilin 12 dekabr tarixindən başlanan aksiya, sərt relyef şəraitinin yaratdığı çətinliklərə baxmayaraq 2023-cü ilin aprelin 23-dək davam etdi və sonda Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan ilə sərhəddə Azərbaycanın suveren ərazilərində, "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulması ilə yekunlaşdı.
Reinteqrasiya prosesinin normal davam etməsində maraqlı tərəf olan Azərbaycanın humanist siyasətinin əksinə olaraq separatçı ünsürlər yenə də qondarma müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, saxta “parlament”ləri adından ölkəmizin əleyhinə bəyanatlar verirdilər. Antiterror əməliyyatlarına sayılı günlər qalmış isə Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin və hərbi qulluqçuların bir qismi şəhid oldu və yaralandı. Ardınca isə növbəti terror aktının törədilməsi nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak oldu.
Nəhayət 2023-cü ilin sentyabr ayının 19-da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu birləşmələrimiz tərəfindən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi və üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması məqsədilə başlanan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində 23 saat ərzində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldi, yüzdən çox tank və zirehli nəqliyyat vasitəsi, zirehli texnika, radioelektron mübarizə vasitələri, yüzlərlə top və artilleriya qurğusu, hava hücumuna qarşı vasitələri məhv edildi, bir çoxu isə qənimət olaraq ələ keçirildi. Separatizmə birdəfəlik son qoyuldu.
Peşəkarlıqla aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan mülki erməni əhalisi heç bir zərər görmədi. İlk olaraq Azərbaycanın Müdafiə Nazirliyi qabaqcadan xəbərdarlıq edərək mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmış, mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərmişdi. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuş, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdi.
Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur qaldılar. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilmiş, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdı. Həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda məskunlaşan qeyri-qanuni xunta rejiminin əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi ilə ərazi bütövlüyümüzün tam bərpası edildi.
Antiterror əməliyyatının gedişində ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini və onun ətrafında sıx birləşdiyini bəyan etdilər.
30 il ərazində düşmən tapdağı altında qalan ərazilərimiz viran edilmiş, vandalizm aktı ilə üzləşmişdi. Azərbaycan haliyədə işğaldan azad edilə ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirir. Məcburi köçkünlərin öz ata yurdlarına geri dönməsi üçün praktiki işlər görülür. Əminliklə demək olar ki, aparılan düzgün siyasət və görülən işlər Qarabağın öz əsrarəngiz və tarixi simasını geri qaytaracaq, Azərbaycan bayrağı bu torpaqlarda əbədi olaraq dalğalanacaqdır.