Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində ölkəmiz bir çox sahələr üzrə mühüm nailiyyətlər qazanmışdır. Dövlət başçısının uğurlu daxili və xarici siyasət strategiyası ölkəmizin dayanıqlı inkişafını, xalqın rifahının yüksəldilməsini və Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud siyasəti strateji islahatlar və modernləşmə istiqamətində qurulmuşdur. İqtisadi diversifikasiya, infrastruktur layihələri və sosial proqramların həyata keçirilməsi ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları vasitəsilə bölgələrdə minlərlə yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının dirçəldilməsi və urbanizasiya proseslərinin optimallaşdırılması tam təmin olunmuşdur. Xüsusilə, enerji sektorunda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, digər sahələrin də inkişafına şərait yaratmışdır. Beynəlxalq enerji layihələri ölkə iqtisadiyyatına böyük gəlirlər gətirmiş, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu artırmışdır.
Ölkə başçısının xarici siyasəti balanslı, müstəqil və milli maraqlara əsaslanır. Azərbaycan bir çox təşkilatlarla sədrlik və əməkdaşlıq edərək, qlobal səviyyədə dialoqun qurulmasına mühim töhfələr verib. Eyni zamanda, strateji tərəfdaşlıq və regional əməkdaşlıq layihələri ölkənin beynəlxalq nüfuzunu artırmışdır. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizinin reallaşma perspektivi Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar hesab olunur. Hazırda Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da güclü tərəfdaş kimi tanınır. Müstəqil siyasət, sabit daxili vəziyyət və regional liderlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin regionda və dünyada artan nüfuzunun daha bir göstəricisi sayıla bilər. Dövlət başçısı çıxışı zamanı ölkə iqtisadiyyatı, əhalinin sosial rifah göstəriciləri, daxili və xarici siyasət, eləcə də digər əhəmiyyətli mövzular haqqında fikir bildirib. Müsahibədə qeyd olunub: “Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
Keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır.
Dövlət başçısı 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 konfransı haqqında da qeydlərini bölüşüb: “COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Bundan başqa da mühüm təşəbbüslər oldu – Azərbaycanın irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın İslam həmrəyliyinə töhfələrinə də geniş yer ayırıb: İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur.
İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Düşünürəm ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və hətta deyərdim ki, üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir.
Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır
Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək;
Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil.
Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi;
Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur;
Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq;
Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər
Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun
Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara. Amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.
Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür… Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir;
Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur;
Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni, onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur;
Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı.
Hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq. Əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik.
Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi.
Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir;
Ondan sonra İran tərəfindən məsələnin tənzimlənməsi və sair xəbərlər gəldi. Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib. Bax, bu, məsələnin bir tərəfidir. İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm;
O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox? İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır.
Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur
Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur. Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq;
Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan. Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir. Birinci Türkiyəyə görə, ikinci özümüzə görə. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir - xarici işlər naziri, parlament spikeri və müavini. Onlar Suriyanı yaxın müttəfiq sayırdılar və artıq buna da son qoyuldu;
İsrail-Fələstin məsələsində mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq.
Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir
Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik. Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır.
Son illərə qədər bütün bunlar ört-basdır edilirdi. Heç kim bu barədə danışmırdı, heç kim o bölgələrin insanlarını heç yerə dəvət etmirdi. Orada haqlı etiraz başlayanda, görün, Fransa hansı qəddarlıqla bu etirazın qarşısını aldı, 13 nəfər həlak oldu, min nəfər həbs edildi. Onları oradan Fransanın əsas yerlərinə gətirdilər. Ona görə biz, əlbəttə, dövlət olaraq öz sözümüzü deyirik. Amma qeyri-hökumət təşkilatlarımız, əlbəttə ki, bu işləri davam etdirməlidirlər. Son illər qloballaşma haqqında o qədər də çox eşitmirik. Ola bilər ki, bu, 10, yaxud 15 il əvvəl bir tendensiya olub, lakin o, alınmadı. Çünki bir çox ölkə ona qarşı çıxdı. Onun nə məna daşıdığı da bir çox ölkə üçün aydın deyildi. Qloballaşma daha çox ticarətə, yoxsa bütün məsələlərə - əgər belə ifadə etmək olarsa - eyni gözlə baxmaq idi? Bir sözlə, biz buna hər zaman qarşı çıxmışıq və hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda aydın şəkildə çıxış etmişik. Hətta Prezident Tramp seçilməzdən əvvəl həmin məsələ müəyyən dərəcədə gündəlikdə əsas yer tutmurdu. Bu yanaşma onları dünya sakinlərinə çevirmək, onları mədəniyyəti, milli mənsubiyyəti, milli özünəməxsusluğu, ləyaqəti olmayan insana döndərmək, əlində pult olanların sanki robotuna çevirmək üçün hesablanmışdır. Bir sözlə, əminəm ki, onun vaxtı artıq keçib, bitib;
Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə biz Qərbi Azərbaycan məsələsi ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl mən bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və mənim tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi. Bütün bunları biz o vaxt da elə görürdük, çünki bu, bizim haqlı istəyimiz idi. Amma yenə də deyirəm, hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq;
İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Çünki bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınmışdır. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.
İndiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır
Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi.
Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil
Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa Prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.