Azərbaycan, geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində regionun əsas logistika mərkəzlərindən birinə çevrilmişdir. Ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri – Şərq-Qərb və Şimal-Cənub marşrutları, habelə Zəngəzur dəhlizi kimi strateji layihələr Azərbaycanın tranzit potensialını daha da artırır. Məhz müasir nəqliyyat infrastrukturu ölkəni regionun əsas tranzit mərkəzlərindən biri halına gətirib. Bu istiqamətdə aparılan islahatlar və həyata keçirilən layihələr ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirir.
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkənin regionda nəqliyyat-logistika sahəsindəki strateji mövqeyi, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Çıxış zamanı, Azərbaycanın nəqliyyat sektorunda modernləşdirmə siyasətini uğurla davam etdirdiyi qeyd olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu xətləri, avtomobil magistralları və hava nəqliyyatı infrastrukturu bu strategiyanın əsas tərkib hissəsi olduğu nəzərə çatdırılıb. Bu layihələrin ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, regional və qlobal əməkdaşlığı da gücləndirdiyi bildirilib. Müşavirə zamanı həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə edilib. Dövlət başçısı bu istiqamətdə daha çevik və səmərəli idarəetmə mexanizmlərinin tətbiq olunmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı daha sonra qeyd edib: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq.
Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik.
Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır.
Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir. İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı “baypas” edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq; İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Beləliklə, yeni bir yol açıldı, hansı ki, bu gün müxtəlif ölkələrin yüklərini Ağ dəniz (yəni Aralıq dənizi) istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun aşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq.
Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq görürük ki, yüklərin həcmi daha çox olacaq. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır. Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir.
Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək.
Ölkə Prezidenti, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcəyini vurğulayaraq qeyd edib: – Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə gəlincə, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri müzakirə edək və təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər”.
Nəticə etibarilə Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi strateji layihələr ölkənin regionda mövqeyini daha da möhkəmləndirir. Beynəlxalq nəqliyyat dəhlizlərində aparıcı rol oynayan Azərbaycan, müasir infrastrukturunun, səmərəli idarəetmə mexanizmlərinin və rəqəmsallaşma proseslərinin tətbiqi sayəsində qlobal ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və qəbul edilən strateji qərarlar, Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkənin iqtisadi dayanıqlığını və beynəlxalq əməkdaşlığını daha da gücləndirir. Nəqliyyat sektorunun davamlı inkişafı isə Azərbaycanı Avrasiya məkanında etibarlı nəqliyyat və logistika mərkəzi kimi möhkəmləndirməkdə mühüm rol oynayır.