"Zəngilan: Tarixi İrsdən Ağıllı Gələcəyə Doğru"

    Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, dağlıq və dağətəyi bölgədə yerləşir. Rayonun tarixi qədim dövrlərə gedib çıxır və ərazisi uzun əsrlər boyu strateji əhəmiyyət kəsb edən bir mövqeyə sahib olmuşdur. Zəngilanın Zəngəzur dağ silsiləsinin tərkibində yerləşməsi onun tarixi və mədəniyyətinin formalaşmasında xüsusi rol oynamışdır. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları ilə birlikdə tarixi Azərbaycan torpaqlarının bir hissəsi kimi əhəmiyyətli coğrafi ərazini təşkil edir.

     Rayon zəngin tarixi irsə və dini abidələrə sahibdir. Rayon ərazisində yerləşən Şərifan kəndindəki Qız qalası, Xudafərin körpüsü, Məscidlər və Karvansaralar bu mədəni zənginliyin bariz nümunələridir. Xalqımızın tarix boyu bu ərazilərdə mövcud olması burada milli və dini abidələrin meydana gəlməsinə şərait yaratmışdır. Bu abidələr yalnız dini funksiyalar daşımamış, eyni zamanda, tarixi proseslərin və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. İslam mədəniyyətinin yayıldığı dönəmlərdə rayonda inşa edilmiş məscidlər milli və dini dəyərlərin təcəssümü kimi dəyərləndirilir.

     Zəngilan həm də zəngin təbii ehtiyatları və bərəkətli torpaqları ilə tanınır. Rayonun ərazisində meşələr, dağ çayları, mineral ehtiyatlar geniş yayılmışdır. Oxçuçay, Bəsitçay kimi çaylar rayona həyat verən təbii su mənbələridir. Meşə sahələri burada yerləşən flora və fauna növlərinin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanın digər regionlarına nisbətən Zəngilanın strateji mövqeyi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi xüsusi təbiət qoruqlarının yaradılması üçün əlverişli olmuşdur.

     Bölgənin kənd təsərrüfatı potensialı da diqqətəlayiqdir. Keçmişdə rayon ərazisində üzümçülük, taxılçılıq və heyvandarlıq geniş yayılmışdı ki, bu da əhalinin sosial-iqtisadi inkişafına töhfə verən əsas sahələrdən biri idi. Keçən əsrin 70-ci illərindən sonra rayonda kənd təsərrüfatı məhsullarının istehsalı üçün müasir infrastruktur formalaşdırılmış və bu sahə üzrə böyük nailiyyətlər əldə olunmuşdu.

      Zəngilan rayonu, tarixi Zəngəzur mahalının bir hissəsi kimi mövcud olmuşdur. Bu ərazi qədim Azərbaycan torpaqları hesab olunmuş və zamanla müxtəlif siyasi və inzibati vahidlər arasında bölüşdürülmüşdür. Zəngilanın yerləşdiyi coğrafi mövqe, Zəngəzur dağ silsiləsinin tərkibində olması və burada yaşayan əhalinin etnik tərkibi bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərir.

      Zəngilan rayonu, 1993-cü ilin oktyabr ayının sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal Qarabağ müharibəsi dövründə Azərbaycanın digər bölgələrində olduğu kimi, Zəngilan əhalisinin da ağır günləri yaşamasına səbəb olmuşdu. Ermənistan tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində rayonda dinc əhali məcburi şəkildə öz yurdlarını tərk etmək məcburiyyətində qalmış, rayonun milli, dini və mədəni abidələri dağıdılmış, təbii sərvətlər talan edilmişdi.

    Zəngilanın işğalı Azərbaycanın geosiyasi vəziyyətinə də ciddi təsir etdi. Rayonun işğal altında qalması eyni zamanda bölgənin sosial-iqtisadi inkişafını da ləngitdi. Əhalinin bir hissəsi məcburi köçkün vəziyyətinə düşdü və illərlə doğma yurdlarına qayıda bilmədi. Rayon əhalisi qəhrəmanlıqla mübarizə aparmağına baxmayaraq 235 nəfər şəhid və itkin vermiş, əhalinin böyük hissəsi Araz çayı vasitəsilə, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar.

     20 oktyabr 2020-ci il tarixində Zəngilan işğaldan azad olundu. Bu qələbə, şəhidlərin qanı bahasına qazandığımız və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış zəfərin tərkib hissəsidir. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

     2020-ci il noyabrın 26-da Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 

     Zəngilanın azad edilməsi ilə bölgədə yeni bir dövr başladı. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması prosesi sürətlə davam edir. Zəngilan, strateji əhəmiyyətinə görə azadlıq simvolu olmaqla yanaşı, eyni zamanda Azərbaycan dövlətinin gücünü və xalqın torpaqlarına olan bağlılığını təcəssüm etdirir. Bu zəfər, yalnız hərbi qələbə deyil, eyni zamanda milli birlik və gücün göstəricisidir.

       Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.

     Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

     Ölkə Prezidenti cənab İlham Əliyevin səfərləri nəticəsində Zəngilanın sürətlə bərpa olunması və inkişaf etdirilməsi üçün geniş miqyaslı işlər həyata keçirilir. Zəngilan, Azərbaycanın inkişaf strategiyasında mühüm yer tutaraq, həm kənd təsərrüfatı, həm də turizm potensialını üzə çıxaracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr bölgənin sosial-iqtisadi canlanmasına təkan verərək, Zəngilanın Azərbaycan xalqı üçün xüsusi bir rəmzi məna daşıyan torpaq olaraq yenidən bərpa olunmasını təmin edəcəkdir.