
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Ordubad rayon Gənclər və İdman İdarəsinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev, Müharibə iştirakçısı-qazi Raqib Baxşıyev, Ordubad rayon Gənclər İdman İdarəsinin baş məsləhətçisi Araz Lütvəliyev, Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Mehri Seyidli və Məmməd Tağı Sidqi adına 1 saylı tam orta məktəbin müəllimi Türkan Əliyeva çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini, həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük qəhrəmanlıq göstərdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad olunması Azərbaycan xalqının tarixi qələbəsinin rəmzinə çevrildi. Bu şanlı qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə edildi. Qeyd olunub ki, bu qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olundu. Vətən uğrunda həyatını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin, vətənpərvərliyin və xalqımızın sarsılmaz ruhunun təntənəsidir.




