ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

8 Noyabr - Şuşa şəhəri günüdür

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

2020-ci ilin noyabr ayının 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb.

Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

Ölkə Başçısının 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

2023-cü il sentyabr ayının 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

2023-cü ilin oktyabr ayının 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir.