ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

26 avqust - Laçın şəhəri günüdür

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda siyasi təlatümlər baş qaldırmışdır. Xaricdən düşmən təcavüzü, erməni separatizminin tüğyan etdiyi bir zamanda ölkə idarəçiliyində olan xaos və anarxiya ard-arda torpaqlarımızın işğalı ilə nəticələnmişdir. 1992-ci il may ayının 17-də Ermənistanla sərhəddə yerləşən, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik strateji ərazi vahidi sayılan Laçın rayonunun işğal olunması ilə sonrakı işğalların da demək olar ki, önü açılmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

30 ildən artıq bir dövrdə düşmən tapdağı altında qalan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verilmişdir. 2022-ci ilin avqust ayının 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən ölkəmizdə hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur.