
Ordubad rayonunun Tivi kəndində Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Aqrar Subsidiya Şurasının təyin etdiyi yeni əmsalların tətbiqi, əkinlərin EKTİS-də bəyan olunması, vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması, torpaq analizlərinin aparılması, Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinqə verilməsi” və “Aqrar sığorta meyvə bağlarını hansı risklərdən qoruyur” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayonun Tivi, Xurs, Ələhi, Nəsirvaz, Nürgüt və Parağaçay kəndlərindən olan təsərrüfatçılar iştirak ediblər.
Tədbirdə yeni subsidiya əmsalları, əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan prosesi, əkin sahələrindən bol məhsul əldə edilməsi üçün yaz əkinlərinin optimal müddətə bitirilməsi, əkinlərdə xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin vaxtında aparılması, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları, “Naxçıvan Aqroservis” ASC-də mövcud olan texnika və texnoloji avadanlıqlar və onların lizinqə verilmə qaydaları, vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər və dövlət rüsumu, meyvə bağlarının sığorta olunması haqqında fermerlərə geniş məlumat verilib.
Yekunda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb, gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




