
18 may – 18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan olunması çərçivəsində Ordubad Peşə Liseyində “Ehtiyatda olan hərbi vəzifəlilərin vəzifələri barədə” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin Səfərbərlik hazırlığı və səfərbərlik üzrə zabiti, Kapitan Yasin İbrahimov çıxış ediblər. Qeyd ediblər ki, ehtiyatda olan hərbi vəzifəlilərin hüquq və vəzifələrini bilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, hər bir vətəndaş səfərbərlik dövründə üzərinə düşən öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirməli, qanunvericiliyin tələblərinə əməl etməlidir. Çıxışlarda vurğulanıb ki, dövlətimiz tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı tədbirləri ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, vətəndaşların bu sahədə maarifləndirilməsi onların hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasına, qanunvericilikdən irəli gələn tələblərin düzgün icrasına şərait yaradır. Çıxış edənlər iştirakçıları ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyat qaydalarına riayət etməyə, yaşayış və iş yerlərində baş verən dəyişikliklər barədə aidiyyəti qurumları vaxtında məlumatlandırmağa çağırıblar.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.



