Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Bu əlamətdar gün münasibətilə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın xilaskarı olan dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib, abidənin önünə tər güllər düzülüb. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində rayonu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ordubad Rayon Mədəniyyət Sarayında davam edən tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dərin ictimai-siyasi böhranın qarşısını alaraq sabitliyin və inkişafın əsasını qoyub. Vurğulanıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin möhkəm təməli yaradılaraq ölkəmizin hərtərəfli inkişafı təmin edilib, milli maraqlara əsaslanan dövlətçilik ənənələri formalaşdırılıb. Bildirilib ki, Ulu Öndərin dövlət quruculuğu strategiyasında milli kadr hazırlığına xüsusi yer verilməsi, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi, eləcə də ordu quruculuğu, neft müqavilələrinin imzalanması və qəbul edilmiş sosial-iqtisadi layihələr ölkənin inkişafına mühüm töhfə vermişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi qüdrətinin və müdafiə imkanlarının daha da möhkəmləndiyi vurğulanıb. Son illər ərzində ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycan dövlətinin qüdrətinin və xalq-dövlət birliyinin bariz nümunəsidir. Bildirilib ki, bu əlamətdar tarix xalqımızın milli birlik, həmrəylik və müstəqillik ideallarına sadiqliyinin təcəssümüdür. İcra başçısı çıxışında qeyd edib ki, Xalqımızın taleyini dəyişən, onu tərəqqiyə və rifaha istiqamətləndirən bu tarixi gündə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını bir daha dərindən dərk edir, onu sonsuz sevgi və ehtiramla yad edirik.
Tədbirdə çıxış edən Ordubad Rayon Təhsil şöbəsinin müdiri Samir Zeynalov qeyd edib ki, bu tarix Azərbaycanın iqtisadi, siyasi və mədəni yüksəlişinə qədəm qoyduğu gündür. Vurğulanıb ki, müasir-müstəqil Azərbaycanın möhkəm təməlləri məhz həmin tarixi günlərdə qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları qətiyyətlə həyata keçirilir.
Daha sonra tədbirin bədii hissəsi təqdim olunub, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bəstələr, vətənpərvərlik ruhunda musiqi nümunələri və milli-mənəvi dəyərlərimizi tərənnüm edən mahnılar səsləndirilib.