Ordubad rayonunun Nüsnüs kəndində Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. 29 iyun 2026-cı il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Gənzə kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, sahibkarlar və vətəndaşlar iştirak ediblər. Tədbir zamanı qanunsuz tikinti halları, onların yaratdığı hüquqi, sosial və təhlükəsizlik riskləri müzakirə olunub.
Mövzu ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları çıxış ediblər. Çıxışlar zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülməsi zəruri hesab edilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə aparılan işlərdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, o cümlədən nəzarət mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.