ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın tarixində yeni inkişaf səhifəsi

Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər.

Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir.

“Böyük Qayıdışa dair I Dövlət Proqram”ı çərçivəsində 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il  30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırmışdır.

2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 11 min 937 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 8056 nəfəri vakansiyalar üzrə münasib işlərlə təmin olunub, 1051 nəfər isə özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını qurublar. Ümumilikdə 8400-dən çox ixtisassız şəxs isə təlimlərə cəlb edilib.

2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Qarabağ Regional DOST Mərkəzi, 2024-cü ildə bu mərkəzin Şuşa filialı açılıb. 2025-ci ildə isə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli rayonlarında DOST məntəqələri istifadəyə verilib. Qarabağ Regional DOST Mərkəzi nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi və “RehaPoint” – Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir. Həmçinin 2024-cü ildə Şuşa regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.